Tədqiqatçılar müəyyən ediblər ki, çay və şokoladın birlikdə istifadəsi ürək-damar sağlamlığına müsbət təsir göstərə bilər. Bu təsirin əsas səbəbi onların tərkibində olan flavan-3-ol adlı birləşmənin arterial təzyiqi aşağı salmaq qabiliyyətidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" nəşri yazır.
Flavan-3-olların faydaları
Flavan-3-ol yalnız çay və şokoladda deyil, üzüm, alma, armud və bəzi giləmeyvələrdə də mövcuddur. Sürrey Universitetinin ürək-damar təbabəti üzrə professoru Kristian Xayssın dediyinə görə, yüksək təzyiqdən əziyyət çəkən insanlarda bu maddənin təsiri, bəzən təzyiq salan dərmanların təsiri qədər güclü ola bilər.
Əksinə, təzyiqi normal və ya aşağı olan insanlarda bu maddə çox cüzi dəyişiklik yaradır.
Təkcə çay və şokolad kifayətdirmi?
Diyetoloq Kevin Park isə bildirir ki, yüksək arterial təzyiqi olan insanlar üçün yalnız çay və şokolad kifayət etməyə bilər. Onun sözlərinə görə, təzyiqi nəzarətdə saxlamaq üçün ümumi həyat tərzi və qidalanma vərdişlərini də dəyişmək lazımdır. Lakin flavan-3-ollarla zəngin qidaların gündəlik rasiona daxil edilməsi bu prosesə müsbət təsir göstərə bilər.
Effekt nə qədər müddətə yaranır?
Təzyiqdə nəzərəçarpacaq dəyişikliklər üçün flavan-3-ol qəbulunu müntəzəm davam etdirmək lazımdır. Tədqiqatlara əsasən, təsirin özünü göstərməsi üçün bu maddələrin qəbulu 4–8 həftə ərzində həyata keçirilməlidir.
Professor Xayss qeyd edir ki, araşdırmada iştirak edənlərin gündəlik qəbul etdiyi flavan-3-ol miqdarı təxminən 500–600 milliqram olub. Bu miqdara nail olmaq üçün gündə 2–3 fincan çay, 1–2 porsiya tünd şokolad, 2–3 xörək qaşığı kakao tozu və ya 2–3 ədəd alma istehlak etmək kifayətdir. Bu komponentlər başqa flavan-3-ol mənbələri ilə – məsələn, üzüm, armud və giləmeyvələrlə də əvəz edilə bilər.
Qeyd: Digər çay növlərinin də sağlamlığa faydası var. Məsələn, yaşıl, qara, ağ və çobanyastığı çayı ürək-damar sağlamlığını dəstəkləyə, immun sistemini gücləndirə və xroniki xəstəliklərin riskini azalda bilər.
Aydın
Şərhlər