Türkiyədə Cumhuriyyət Xalq Partiyasının (CHP) parlament fraksiyasının sədri Özgür Özəl partiyanın qrup iclasında son dəfə tribunaya çıxaraq vida nitqi ilə çıxış edib və yeni siyasi partiyanın yaradılacağını açıqlayıb.
Qaynarinfo-nun məlumatına görə, Özgür Özəl bildirib ki, hər son yeni başlanğıcdır və bu gün tribunaya vaxtı çatmış bir vidanın kədəri ilə çıxıb.
"Hamımız birlikdə tarixi bir yol ayrıcındayıq. Bu gün tarixə qeyd kimi qalacaq səmimi sözlər söyləməyə gəlmişəm. Əsl tarixi çıxışı isə keçiriləcək ilk seçkinin axşamı birlikdə edəcəyik", deyə o vurğulayıb.
O qeyd edib ki, tarix hər kəsi bugünkü mövqeyinə görə qiymətləndirəcək. Özgür Özəl bildirib ki, partiyanın adı və loqosu dəyişə bilər, lakin bu birlik pozulmayacaq: "Biz 103 illik ənənəyə malik bütöv bir hərəkatıq və bunu heç kim parçalaya bilməz".
O, Mustafa Kamal Atatürkün bu siyasi ənənənin qurucusu olduğunu vurğulayaraq, onun irsinə sadiq qaldıqlarını bildirib: "Biz binanı tərk etdik, amma irsi özümüzlə apardıq".
Özgür Özəl çıxışında yeni siyasi partiyanın yaradılacağını da rəsmən elan edib: "Bu, ayrılıq deyil. Bu, Türkiyədə dəyişiklik uğrunda mübarizəni daha güclü şəkildə davam etdirmək üçün atılan addımdır. Heç bir siyasi partiya xalqdan daha vacib deyil. Dünən olduğu kimi, bu gün də xalqın xidmətindəyik".
Onun sözlərinə görə, texniki prosedurlar tamamlandıqdan sonra yeni partiya rəsmi şəkildə təsis olunacaq: "Sabah ilk addımı atacağıq. Seçilmiş deputatlarla birlikdə yeni partiyamızı quracağıq. Quracağımız partiya açıq fərqlə əsas müxalifət partiyasına çevriləcək. Bu gün bu tribunadan vidalaşsaq da, əsas müxalifət mövqeyimizi tərk etmirik. Yeni yolu açırıq və bu yolda birlikdə irəliləyəcəyik".
Aydın
Şərhlər