Xəbər lenti

Orban qüvvələri fon der Leyenə qarşı etimadsızlıq səsini gündəmə gətirdi
Dünya 14:42 06.10.2025

Orban qüvvələri fon der Leyenə qarşı etimadsızlıq səsini gündəmə gətirdi

6 oktyabr, bazar ertəsi günü Avropa Parlamenti hazırkı Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə və onun komandasına etimadsızlıq səsinin verilməsi ilə bağlı debatlar keçirəcək. Bu təşəbbüs "Solçular” və Viktor Orbanın yaratdığı "Avropa üçün Vətənpərvərlər” qruplarının tələbi ilə irəli sürülüb. Səsvermə 9 oktyabr, cümə axşamı günü Bakı vaxtı ilə saat 14:00-da baş tutacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyskaya pravda” Avropa Parlamentinin 6–9 oktyabr 2025-ci il sessiyasının gündəliyinə istinadla yazıb.

Orbanın "Avropa üçün Vətənpərvərlər” qrupu və "Solçular” Ursula fon der Leyen və onun rəhbərlik etdiyi Avropa Komissiyasına qarşı etimadsızlıq səsinin verilməsi təşəbbüsünü irəli sürüblər.

Hər iki fraksiya etimadsızlıqla bağlı ayrıca sənəd təqdim etdiyindən, səsvermə iki dəfə keçiriləcək. Avrokomissiyanın impiçmenti ilə bağlı debatlar 6 oktyabr, bazar ertəsi günü Kiyev vaxtı ilə saat 18:00-da Avropa Parlamentinin sessiyasının açılışından dərhal sonra başlayacaq.

"Yevropeyskaya pravda”nın əldə etdiyi sənəddə qeyd olunur ki, "Solçular” fon der Leyeni şəffaflıq, hesabatlılıq və beynəlxalq hüquqa riayət öhdəliklərini yerinə yetirmədiyinə görə Avropa Parlamentinin etimadını itirməkdə ittiham edirlər.

"Avropa üçün Vətənpərvərlər” qrupu isə hesab edir ki, "Avropa İttifaqı bu günə qədər olmadığı qədər zəif vəziyyətdədir, bunun səbəbi Avrokomissiya prezidentinin iqtisadi və sosial tənəzzül, təhlükəsizlik sahəsindəki böhran, qərar qəbuletmə prosesində şəffaflıq və hesabatlılıq çatışmazlığı, söz azadlığına təhdid kimi aktual problemləri həll etməkdəki daimi uğursuzluqlarıdır”.

Hər iki sənəddə Avropa İttifaqının MERCOSUR ölkələri və Birləşmiş Ştatlarla bağladığı yeni ticarət sazişləri də kəskin tənqid olunur.

Avropa Komissiyasına qarşı etimadsızlıq səsi təqdim etmək üçün ən azı 72 Avropa deputatının imzası tələb olunur. Komissiyanın istefaya göndərilməsi üçün isə səs verənlərin üçdə ikisinin dəstəyi lazımdır və bu, bütün Avropa Parlamentinin səs çoxluğunu təşkil etməlidir.

Xatırladaq ki, 10 iyulda Avropa Parlamenti Ursula fon der Leyenin rəhbərlik etdiyi Avrokomissiyaya qarşı rumıniyalı ultrasağçılar tərəfindən irəli sürülmüş etimadsızlıq səsini dəstəkləməmişdi. Ursula fon der Leyen 2024-cü ilin dekabrında ikinci müddətinə başladıqdan sonra Avropa Komissiyası şəffaflığın azlığına görə artan tənqidlərə məruz qalır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->