Xəbər lenti

Orban və Fiko Rusiyanın 6 oliqarxına sanksiyaların ləğvini istəyir - Detallar
Dünya 11:13 04.09.2025

Orban və Fiko Rusiyanın 6 oliqarxına sanksiyaların ləğvini istəyir - Detallar

Macarıstan və Slovakiya Avropa İttifaqına müraciət edərək Rusiyaya qarşı digər sanksiyaların uzadılması müqabilində altı rusiyalı iş adamına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasını tələb edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "RadioFreeEurope/RadioLiberty” yazır.

Nəşr xatırladır ki, bu ölkələr əvvəllər də bəzi tanınmış rusların sanksiya siyahısından çıxarılmasına nail olmaq üçün veto hüququndan istifadə ediblər. Onların Kreml ilə sıx siyasi əlaqələri var və iddia edirlər ki, Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatından çox Avropa iqtisadiyyatına zərbə vurur.

Məsələn, mart ayında bu yolla rusiyalı biznesmen Vyaçeslav Moşe Kantor, Rusiya idman naziri Mixail Deqtyaryov və oliqarx Alişer Usmanovun bacısı Qulbahor İsmayılova "qara siyahı”dan çıxarılıb. Ötən il isə Rusiyanın internet nəhəngi "Yandex”in həmtəsisçisi Arkadi Voloj, rusiyalı biznesmen Sergey Mndoyants, Slovakiya vətəndaşı və Rusiyanın millətçi "Noçnıe volki” motosiklet klubunun Avropadakı rəhbəri Yozef Qambalek, eləcə də "Vaqner” muzdlularının mərhum lideri Yevgeni Priqojinin anası Violetta Priqojina sanksiyalardan azad edilmişdi.

Aİ diplomatlarına istinadən bildirilir ki, bu dəfə Slovakiya Usmanov və biznesmen Mixail Fridmana qarşı sanksiyaların ləğvini istəyir, Macarıstan isə oliqarxlar Dmitri Mazepin, Petr Aven, Musa Bazaev və Albert Avdolyana tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılmasına çalışır.

Məqalədə qeyd olunur ki, digər Aİ ölkələri alternativ həll yolu təklif ediblər: siyahıdan yalnız bir və ya iki nəfərin – yəni "zəif halların” çıxarılması. Bunlar, əsasən, məhkəmədə davam gətirməyəcək zəif sübutlara əsaslanaraq sanksiya tətbiq edilən şəxslərdir.

Lakin həm Bratislava, həm də Budapeşt bu təklifi Brüsseldə aşağı səviyyəli müzakirələrdə rədd edib. Sanksiyaların uzadılması üçün son tarix 15 sentyabr olduğundan, gələn həftə müəyyən kompromisin əldə olunacağı gözlənilir.

UNİAN-ın yazdığına görə, Aİ ilk dəfə Rusiyaya mövcud məhdudiyyətləri aşmağa kömək edən ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini nəzərdən keçirir. Burada, xüsusən də, Rusiyaya müəyyən malların ixracına qadağa qoyulması müzakirə olunur. Avropa nazirləri həmçinin Rusiyanın neft-qaz və maliyyə sektorlarına qarşı əlavə sanksiyaların tətbiqini nəzərdən keçirirlər. Bundan əlavə, Rusiya mallarının idxal və ixracına yeni məhdudiyyətlər də gündəmdədir.

Bununla belə, "Politico” yazır ki, Rusiyaya qarşı ən sərt və ağrılı sanksiyaları yalnız ABŞ tətbiq edə bilər. Ancaq prezident Donald Tramp belə bir variantı hələ ki, "ehtiyatda saxlayır” və yalnız sülh danışıqları uğursuz olarsa istifadə etməyi planlaşdırır.

Qeyd edilir ki, Rusiyaya qarşı tətbiq edilən misilsiz sanksiyalar gözlənildiyi kimi işləmir, çünki onların əksəriyyəti xırda məhdudiyyətlərdir. Ən əsası isə edilməyən addım – Rusiyaya valyuta axınının qarşısının alınmamasıdır. "The New York Times” jurnalistlərinin hesablamalarına görə, ABŞ-ın sanksiya siyahısında olan 6000-dən çox şəxsdən böyük əksəriyyəti fiziki şəxslər və ya kiçik vasitəçi firmalardır. Rusiya təcavüzünə köməyə görə ABŞ sanksiyalarına düşən iri xarici şirkətlərin sayı 30-dan azdır, onların da cəmi beşi maliyyə qurumudur.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->