Macarıstanın Baş naziri Viktor Orban 2026-cı ildə Avropada müharibənin baş vermə ehtimalını istisna etməyib.
Qaynarinfo xəbər verrir ki, o, bu barədə "Magyar Nemzet” nəşrinə müsahibəsində
bildirib.
Orban "2025-ci il Avropada sülhün son ili ola bilərmi" sualına təsdiqedici cavab verib: "Bəli, bunu istisna etmək olmaz".
Orban qeyd edib ki, Avropada sonuncu böyük müharibə 1945-ci ildə başa çatıb və o vaxtdan bəri səksən il keçib.
"Uzun müddət nüvə kütləvi qırğın silahları qitə xalqlarını müharibədən çəkindirdi. Hamı hesab edirdi ki, Avropa münaqişəsi qaçılmaz olaraq nüvə dünya müharibəsinə çevriləcək. Bu qorxu 80 il boyu təsirli oldu. Lakin indi tamamilə yeni bir dünya yaranır", – deyə Macarıstanın Baş naziri vurğulayıb.
Onun iddiasına görə, maliyyə, hərbi və siyasi hakimiyyətin yenidən bölüşdürülməsi baş verir ki, bu da hətta müharibəyə səbəb ola bilər:
"Avropadakı hərbi gərginlik Qərbi Avropanın və Avropa İttifaqının tənəzzülünün nəticəsidir".
Orbanın sözlərinə görə, "biz müharibəyə yaxınlaşırıq", lakin guya onun sayəsində ötən həftə Brüsseldə müharibəyə yaxınlaşma tempini ləngitmək mümkün olub. Orban burada açıq şəkildə Rusiya aktivlərindən istifadə etməklə Ukraynaya təzminat kreditinin verilməsi cəhdinin uğursuzluğa düçar olmasını nəzərdə tutur.
"Bəziləri bu prosesi hiper-sürətlə sürətləndirmək istəyirdilər, lakin biz onları dayandıra bildik. Lakin proses dayanmayıb. Biz yalnız onun sürətlənməsini dayandırdıq. Bu gün Avropada iki düşərgə var: müharibə tərəfdarları və sülh tərəfdarları. Hazırda müharibə tərəfdarı olan qüvvələr üstünlük təşkil edir. Brüssel müharibə istəyir, Macarıstan sülh", – deyə Orban bəyan edib.
Məlum olduğu kimi, Avropa Şurası Aİ büdcəsinin ehtiyatları ilə təminat altına alınan kapital bazarlarından borclanma əsasında Ukraynaya 2026–2027-ci illər üçün 90 milyard avro məbləğində kredit verməyə razılaşıb. Lakin liderlər Rusiya aktivlərindən istifadə etməklə "təzminat krediti" ilə bağlı razılığa gələ bilməyiblər.
Eyni zamanda, kreditin verilməsi fonunda Avropa İttifaqı Ukraynaya korrupsiya ilə mübarizənin davam etdirilməsinin vacibliyini xatırladıb.
Alpər
Şərhlər