Xəbər lenti

Dünya 15:47 17.01.2024

Pakistan İranın endirdiyi zərbələri cavabsız qoyacaqmı? - Politoloq

"Pakistan İrana cavab zərbəsi endirəcək. Amma bu iki ölkə arasında geniş miqyaslı müharibəyə gətirib çıxarmayacaq".

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Qabil Hüseynli İranın Pakistan ərazisinə zərbələr endirməsini şərh edərkən deyib.

"İran son zamanlar əndazəni aşan hərəkətlər edir. Heç nəyə baxmadan sağına-soluna zərbələr endirir. Pakistan ərazisinə zərbə endirilməzdən əvvəl, İraqın şimalındakı kürd muxtariyyətində bir ailəni artileriya atəşilə məhv etdi. İndi də Pakistana hücuma keçir. Tehranın fikrincə, Süleymaninin ildönümündə terror aktı törədənlər İraq kürdləri arasından çıxanlardır və onlar da hadisəni MOSSAD-ın göstərişilə edib. Tehranın bu müstəvidə Pakistana zərbə endirməsinin səbəbini isə anlaya bilmirəm. Çünki Pakistan belə işlərdə əli olmayan ölkədir. Hər halda günün sonlarına doğru məsələ ətrafında hər şey aydın olacaq. İslamabad Tehranın bu hərəkətini cavabsız qoymayacaq. Mütləq ona cavab verəcək, özü də artıqlaması ilə", deyə politoloq qeyd edib.
 


Lakin həmsöhbətimizin fikrincə, yaranmış vəziyyət İranla Pakistan arasında genişmiqyaslı müharibəyə səbəb olmayacaq:

"Bu regionda yeni müharibənin alovlanacağı perspektivini görmürəm. Amma hər halda, Pakistan hadisəyə biganə yanaşmayacaq və əlverişli vəziyyət yaranan kimi İrana cavab zərbəsi endirəcək".
  
Qeyd edək ki, ötən gün İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Ceyş əl-Ədl” qruplaşmasının Pakistandakı qərargahlarına zərbələr endirib. Zərbələr Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisinə endirilib. Bu İranın Pakistan ərazisinə zərbə endirdiyi ilk belə hadisədir. Hadisə ilə bağlı olaraq İranın müvəqqəti işlər vəkili Pakistanın Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notası verilib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->