Xəbər lenti

Papanın gizlətdiyi sirrlər: Vatikan kitabxanasında nə var və ora necə daxil olmaq olar?
Dünya 16:21 22.10.2025

Papanın gizlətdiyi sirrlər: Vatikan kitabxanasında nə var və ora necə daxil olmaq olar?

Dünyada elə məkanlar var ki, ora daxil olmaq ya son dərəcə çətindir, ya da tamamilə mümkünsüzdür. Bu səbəbdən həmin yerlər çoxsaylı miflər, gizli nəzəriyyələr və reallıqdan uzaq fərziyyələrlə əhatə olunur. Onlardan biri də Vatikan kitabxanasıdır.

Qaynarinfo-nun xəbər verir ki, Vatikan ərazisində iki fərqli qurum - kitabxana və arxiv mövcuddur. Hər ikisi eyni binada yerləşsə də, onların giriş qaydaları məhduddur.

Arxiv və kitabxana haqqında təsəvvür yaradan ən təsirli məqam onların miqyasıdır: sənəd rəflərinin ümumi uzunluğu 85 kilometrə çatır. Bunun 42 kilometri birbaşa kitabxananın payına düşür.

Uzun illər ərzində "Archivum Secretum Vaticanum" adlandırılan arxiv barədə yanlış fikirlər formalaşmışdı. Latınca "secretum” sözü "gizli” deyil, "şəxsi” mənasını verir. Yəni bu, Papa tərəfindən idarə olunan şəxsi arxivdir və eyni zamanda Vatikan dövlət arxivi funksiyasını da daşıyır.

Bu anlaşılmazlıqlar və yayılan şayiələr səbəbindən 2018-ci ilin payızında Papa Fransisk arxivin adını dəyişərək "Archivum Apostolicum Vaticanum” - yəni Vatikan Apostol Arxivi adlandırıb.

Turistlər üçün arxiv və kitabxanaya giriş məhduddur, çünki orada saxlanılan əlyazmalar və sənədlər son dərəcə kövrəkdir və misilsiz tarixi əhəmiyyətə malikdir. Ora daxil olmaq bilet almaq qədər asan olmasa da, mümkünsüz də deyil - əsasən alimlər və tədqiqatçılar bu məqsədlə xüsusi icazə alırlar.

Bəzi tədqiqatçılar "Reddit” platformasında Vatikan kitabxanası və arxivində işləmək təcrübələrini bölüşüblər. Onların dediyinə görə, giriş icazəsi almaq üçün aşağıdakı şərtləri yerinə yetirmək lazımdır:

* uyğun ixtisas üzrə ən azı magistr diplomu təqdim etmək;
* təhsil müəssisəsindən tövsiyə məktubu göstərmək;
* hansı mövzuda işlədiyinizi və hansı materialı araşdırmaq istədiyinizi izah etmək.

Bir istifadəçi yazır: "Sən məşhur alim olmalı deyilsən. Mənim kimi bir çox aspirant da orada tədqiqat aparırdı".

Kitabxanada işləmək prosesi ciddi qaydalarla həyata keçirilir. Əvvəlcə Vatikan ərazisinə daxil olur, İsveçrə qvardiyasının və Vatikan jandarmasının yoxlamasından keçirsiniz. Daha sonra hər iki quruma girişlərin yerləşdiyi həyətə daxil olursunuz.

Qeydiyyatdan keçərkən şəxsi əşyalarınızı qarderobda saxlamalısınız; telefonla daxil olmaq qadağandır. Məlumatları qeydə almaq üçün adətən kağız, qələm və noutbukdan istifadə edilir.

Arxivdə mövcud fondların çap və əl yazması kataloqları yerləşir. Kitabxanada isə elektron kataloqdan və "Wi-Fi" bağlantısından istifadə mümkündür. Beləliklə, araşdırmaçılar material sifariş edib arxiv işçisindən tələb olunan sənədləri əldə edə bilirlər. Bir çox əlyazma artıq rəqəmsal formatda ictimaiyyət üçün açıqdır.

Kitabxana qədim əlyazmaların və kitabların möhtəşəm kolleksiyasına sahibdir. Arxivdə isə aşağıdakı materiallar mövcuddur:

* erkən orta əsrlərdən Avropanın müxtəlif bölgələrindən gələn hesabat və məktublar;
* papaların elçilərinə aid sənədlər;
* Papa vilayətlərinin idarəetmə işləri ilə bağlı materiallar;
* mühasibat kitabları və rəsmi aktlar;
* müxtəlif tarixi əlyazmalar və sənədlər.

Bu sənədlərin hər biri mühüm tarixi dəyərə malik olsa da, onların arasında sensasiyalı və gizlədilmiş sirlər olduğu barədə iddialar daha çox mif xarakteri daşıyır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->