"Paşinyanın dedikləri siyasi və hüquqi manipulyasiya və köhnə nağıllardır. O, yol xəritəsinin hazırlanmasını istəyirsə, bunu müzakirə etmək olar. Çünki bütün məsələlər danışıqlarla çözülür".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın Almaniyada Azərbaycanla sülh müqaviləsilə bağlı verdiyi bir sıra ziddiyyətli bəyanatları şərh edərkən deyib.
Ekspert qeyd edib ki, nədənsə Paşinyan açıqlamasında Avropa İttifaqı ilə İrəvan arasında imzalanan strateji sənəddə yer alan və Azərbaycanın mənafeyinə zidd olan məqamlar barədə susub:
"Bu açıqlamanın ilk hədəfi öncə Azərbaycanın narahatlığını bölüşmək və bunu izah etmək istəyidir. Maraqlıdır ki, həmin açıqlamada Aİ ilə İrəvan arasında imzalanan strateji sənədin bu şəkildə ortaya çıxma səbəbləri haqqında heç nə deyilmir. Bu məsələdə bilavasitə Ermənistan XİN-i məsuliyyət daşıyır. Həmin sənəddə isə Qarabağdan öz xoşları ilə getmiş ermənilərin qayıtmasından tutmuş, Azərbaycanda təxribat törətmək üçün göndərilən terrorçu qrupların hərbi əsirlər olaraq adlandırılması kimi məsələlər də yer alıb. Bunlar isə sülh prosesinə zərər vuran məsələlərdir. Ona görə də İrəvan sənədlə bağlı Bakıya izahat verməlidir".
Ekspert qeyd edib ki, Paşinyanın açıqlamasının beynəlxalq tərəfi də var:
"Növbəti dəfə beynəlxalq ictimai rəyə yekun sülh sazişinin imzalanmasını İrəvanın deyil, guya Bakının uzatdığı düşüncəsi ötürülür. Beynəlxalq saziş kimi qiymətləndiriləcək yekun sülh sazişinin Ermənsitan qanunvericiliyindən üstün olduğu göstərilirsə, bu o qədər də tutarlı əsas deyil. Çünki 4-cü Ermənistan respublikası kontekstində legitimlik və real Ermənistan qayələrini ictimai rəyə ötürməklə İrəvana yeni konstitusiyanın vacibliyi təlqin olunur. Faktlar göstərir ki, revanşistlər hakimiyyətə gələrsə, istənilən məsələni əsas gətirərək, yenidən konstitusiyada dəyişiklik edə bilərlər. Bu, praktikada belədir".
Həmsöhbətimiz bildirir ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərzi iddiasının olmadığı barədə əsaslandırmalar da boşunadır:
"Belədirsə, onda preambula niyə konstitusiyada yer alır? Ermənistan konstitusiyasında preambulaya istinad birmənalı olaraq göstərilirsə, demək istinad edilən preambula konstitusiyada hakim ideya olaraq qəbul olunur. Ona görə də preambula və ona istinadlar mütləq aradan qalxmalıdır. Qarabağ məsələsi həm sənəddə, həm də erməni ictimai şüurunda birdəfəlik qapadılmalıdır".
Qeyd edək ki, Nikol Paşinyan rəsmi səfərdə olduğu Almaniyada bir sıra ziddiyyətli açıqlamalar verib. O, deyib ki, Azərbaycanla heç vaxt və heç zaman konstitusiya məsələsini müzakirə edilməyib:
"Azərbaycan konstitusiyamızda territorial iddialar olduğu və burada problem olduğunu düşünürsə, bu problemi həll etməyin ən qısa yolu sülh sazişini imzalamaqdır. Çünki sülh sazişi imzalanan kimi biz öz qanunvericiliyimizə uyğun olaraq məcburuq, borcluyuq və bu sənədi Konstitusiya Məhkəməsinə göndərməyə ki, həmin sazişin Ermənistanın əsas qanununa uyğunluğunu yoxlasın. İki variant mövcuddur: ya Konstitusiya Məhkəməsi qərar verir ki, saziş Ermənistan Konstitusiyasına uyğundur. Bu halda, sənədi parlamentə göndərib ratifikasiya etməyə heç bir maneə qalmır. Saziş parlamentdə ratifikasiya olunandan sonra konstitusiyanın beşinci maddəsinin, səhv etmirəmsə, üçüncü hissəsinə əsasən ratifikasiya olunmuş beynəlxalq müqavilələr daxili qanunvericiliklə ziddiyyət təşkil edərsə, beynəlxalq müqavilə daha yüksək hüquqi qüvvəyə malik olur. Saziş daha yüksək hüquqi qüvvə aldığı andan Ermənistan istəsə də artıq Azərbaycana qarşı territorial iddialar irəli sürə bilməz. İkinci maddədə deyilir ki, bu əsasla tərəflər bir-birinə qarşı territorial iddialar irəli sürmür və gələcəkdə də irəli sürməməyi öhdələrinə götürürlər. Beləliklə, bu saziş ratifikasiya ediləndən sonra Ermənistan istəsə də Azərbaycana qarşı territorial iddialar qoya bilməz".
Paşinyan mümkün ikinci variant haqda isə belə deyib:
"Konstitusiya Məhkəməsi qərara alır ki, saziş konstitusiyaya uyğun gəlmir. Mən əvvəllər də demişəm ki, belə olarsa, konstitusiya dəyişiklikləri təşəbbüsünü özüm qaldıracağam, çünki hesab edirəm ki, əldə olunmuş sülh o qədər dəyərli bir şeydir ki, onu qorumaq üçün bu addıma getməyə dəyər. Amma mənim bu gün Ermənistan cəmiyyətinə "Bilirsiniz nə var, gəlin konstitusiyanı dəyişək" deməyə legitimliyim yoxdur. Niyə? Çünki Ermənistan xalqı mənə deyəcək ki, 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməsi qərar çıxarıb ki, sülh sazişinin də giriş hissəsində qeyd olunan Almata Bəyannaməsi bizim konstitusiyaya uyğundur. O zaman nə üçün konstitusiyanı dəyişək?".
Paşinyan Bakı ilə birgə yol xəritəsi hazırlanmasını, paralel olaraq təkcə "Qarabağ məsələsi”ni deyil, həm də Qərbi Azərbaycan məsələsini həll etməyi təklif edib.
Rüfət Sultan
Şərhlər