Siyasət 13:44 19.05.2022

Paşinyan “Qazaxıstan variantı”na ümid edir, MDB ölkələri ağır sınaq qarşısındadır - Politoloq

Ermənistanda müxalifətin artan mitinqləri fonunda bu ölkənin baş naziri Nikol Paşinyan Rusiyadan KTMT qüvvələrinin İrəvana yeridilməsi xahişində bulunub. Son günlər revanşist qüvvələr yenidən etiraz aksiyalarına start verib. Bu fonda həbs edilən mitinqçilərin sayı günü-gündən artır. Düzdür, Paşinyan hələlik prosesə nəzarət edə bilir. Amma istənilən halda mitinq dalğasından asılı olaraq o, vəziyyətə nəzarəti əldən verə bilər.  Belə bir təhlükə istisna deyil. Bu halda isə Paşinyanın mövqeyi laxlaya bilər. Görünür, məhz buna görə Paşinyan KTMT qüvvələrini ölkəyə "dəvət etmək” qərarına gəlib. Aydın məsələdir ki, Paşinyanın belə mövqeyə gəlməsinə bu ilin əvvəlində KTMT qüvvələrinin Qazaxıstana yeridilməsi öz sözünü deməsi həlledici rol oynayıb. Paşinyan Qazaxıstan olaylarını əsas götürməklə düşünür ki, indiki məqamda KTMT İrəvana da kömək əlini uzatmalıdır. 

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan politoloq Fikrət Sadıxov "Qazaxıstan variantı”nın Ermənistanda da təkrarlanacağını düşünmür: "Paşinyan bütün ümidlərini itirib. Görünür bu fonda son ümid yeri olaraq Rusiyanın patronajlıq etdiyi KTMT-yə bel bağlayır. Baş nazir hesab edir ki, ölkəsi daxilində yaşanan gərginlik fonunda Rusiya ona əl uzatmalıdır. Amma o, bir amili hesablaya bilmir ki, ölkəyə xaricdən təhlükə yarandığı, yaxud da daxildəki terror dəstələri hansısa xarici qüvvəyə arxalandığı təqdirdə, KTMT-ni köməyə çağıra bilər, daxili mübarizədə isə belə addım ata bilməz. Paşinyan, 44 günlük müharibədə də çalışdı ki, KTMT-ni prosesə cəlb etsin. Ancaq Azərbaycan həmin müharibədə öz torpaqlarını azad etdi, Ermənistan ərazisinə keçmədi”. 
 


Həmsöhbətimizin fikrincə, hazırda Qazaxıstanla müqayisədə Ermənistanda mənzərə tamamilə başqadır: "Burada etiraz aksiyaları keçirilsə də, avtobusları yandıran, hakimiyyət orqanlarına müdaxilə edənlər yoxdur, insanları öldürmür, terror aktları törədilmir. Müxalifət sadəcə mitinqə çıxıb Paşinyana etirazını bildirir. Bu, tamamilə başqa mənzərədir. Ona görə də KTMT-nin İrəvanın xahişinə müsbət cavab verəcəyini gözləmirəm. Paşinyan sadəcə son ümidini itirməmək üçün belə bəyanatla çıxış edib. O, bunu istəsə də, KTMT ona müsbət cavab verməyəcək. KTMT-də əsas füqur Rusiyadır. Onun da başı indi Ukraynaya qarışıb”. 

Bununla belə, ekspert qeyd edir ki, siyasətdə hər şey ola bilər: "Heç bir amili istisna etmək olmaz. Bu mənada Ermənistana KTMT qüvvələri yeridilərsə, sözsüz ki, yaranmış vəziyyət MDB ölkələrində müəyyən qorxu xofu yarada bilər. Amma bu da  müvəqqəti olacaq” 

Rüfət Sultan