Seçki daha çox siyasi-ictimai konsensus yaradır, amma hərdən formal-leqal çərçivələrdən kənara çıxan triqqer də ola bilir, xüsusən də demokratiya sarıdan tam oturuşmamış, "axsayan" ölkələrdə. Odur, artıq bir neçə gün keçsə də çoxu düşünür ki, qonşu Ermənistanda nəsə olacaq.
Bunun bəlkə psixoloji tərəfləri də var: post-sovet nəsli özü yarımçıq olduğu kimi demokratik prosedurlara münasibəti də yarımçıqdır: bunlar sadəcə, seçki yoluyla, məhkəmələr vasitəsilə nəyinsə həll oluna biləcəyinə tam inana bilmirlər, daim fikirləşirlər ki, yəqin, başqa "nəsə" də olacaq.
Regiondakı geosiyasi tendensiyalar da bu "nəsə"lərlə bağlı gümanları bir az da artırır, məsələn, hamı düşünür ki, doğrudanmı, Rusiya belə asanlıqla Ermənistandan əl çəkəcək? Elə ruslar özləri də belə ehtimallar üçün xeyli əsas verirlər: erməni seçicilər üçün seçki artıq bitsə də, sanki Kreml üçün bitməyib, bunlar gündə bir bəyanatla çıxış edirlər, hərçənd, bəzi politoloqlar iddia edirlər ki, Moskva Ermənistanda istədiyinə nail ola bildi, Bakı ilə İrəvan arasında dayanıqlı sülhün bərqərar olması üçün imkanları xeyli daraltdı. Bəlkə də bu iki ölkə sülh üçün Trampla yanaşı Putinin də "ürəyinə yol tapmalı" olacaqlar. Əgər belədirsə, bəs onda Rusiya niyə bu qədər narahatdır? Ola bilsin, Kremlin iki planı olub: maksimum və minimum...
Amma bütün bunlara rəğmən, hətta nəzərə də alsaq ki, heç də hər şey məhz seçki dövründə həll olunmur, yenə də düşünürük ki, Ermənistandan ən azı tezliklə hansısa ciddi siyasi iğtişaş olmayacaq, çünki son seçkilər bir daha radikal ünsürlərin bütün potensialını ortaya qoydu, ona görə də, qoy, farağat dursunlar, təkrar seçki-filan olsa mandatları bir az da azalacaqdır.
Fəqət, son seçkilər tamamilə problemsiz də ötüşmədi, bizim üçün maraqlı olan konstitusiyaya dəyişikliklərlə bağlı nə vaxtsa baş tutacaq referendum üçün ciddi problem yarandı. Amma ötən dəfə, birincisi, 907-ci düzəlişdən misal çəkdik; onu tam aradan götürə bilməsək də hər halda ABŞ –la əlaqələrimiz normaldır.
İkincisi, düşünmək lazım deyil ki, hansısa yeni qüvvə nə vaxtsa hakimiyyətə gəlib Bakıyla sülh sazişini ləğv edəcək, yox, belə şey heç vaxt olamayacaq: əsas məsələ İrəvanı ciddi tellərlə Bakıya və Ankaraya, xüsusən də Qərbə bağlamaqdır, sonrası düzələndir. Həm də son seçki bir daha deyirik ki, bu ölkədəki neqativ ünsürlərin real siyasi potensialını, çəkisini göstərdi.
Nəhayət, Paşinyan üçün daha bir şans da var, o, Karapetyanın dəstəsindən kimlərisə şirnikləndirərək və yaxud da bütün fraksiyanı öz tərəfinə çəkə bilər. Məsələn, niyə onlara kabinetdə bir nazirlik verilməsin?..
Üstəlik, Karapetyan guya biznes adamıdır. Olsun! Deməli, o, realist və praqmatik adamdır və real addımlara meylli olmalıdır. Eləcə də hətta biz düşünmürük ki, bu son seçki onun siyasi karyerasının da sonu olacaq, yox, yəqin belə olmayacaq, adam daha böyük statuslara iddia edəcək.
Odur, ümidlərmizi itirməyək. Həm də sülh Bakıdan və Ankaradan daha çox İrəvana lazımdır...
Hüseynbala Səlimov
Şərhlər