Siyasət 17:21 17.03.2023

Paşinyanın təklifləri nəyə hesablanıb? (ŞƏRH)

Ermənistan baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana Qarabağla bağlı bir neçə tapşırıq verib. Bu tapşırıqlar aşağıdakılardan ibarətdir. Qarabağda "soyqırımı”n qarşısını almaq üçün BMT mexanizmlərinin işə salınması məsələsi qaldırılsın, Laçın dəhlizinə BMT-nin faktaraşdırıcı missiyasının gətirilməsi üzərində iş davam etdirilsin, ermənilərin Hadruta, Şuşaya, Xocavəndə, Ağdərəyə, Laçına və Çaykəndə qaytarılması məsələsini BMT-nin Qaçqınlar üzrə Ali Komissarı ilə müzakirə etsin.

Qaynarinfo-ya açıqlamasında məsələyə toxunan politoloq Natiq Miri bildirir ki, Paşinyan boş-boşuna enerji sərf edir:
 
"Azərbaycan müstəqil dövlətdir. Onun razılığı olmadan Paşinyanın həmin tapşırıqlarının heç biri reallaşan deyil. "Soyqırım” uydurması ermənilərə məxsus xislətdir. Hər zaman hay-qışqırıq salmaqla qabaqlayıcı tədbirlər görürlər ki, Azərbaycan istədiyini öz ərazisində tətbiq edə bilməsin. Qarabağda qanunsuz erməni birləşmələri, silahlı terrorçu ünsürlər var. Azərbaycan beynəlxalq hüquqa əsasən, bu qanunsuz dəstələri hər zaman zərərsizləşdirmək hüququnu özündə saxlayır. İrəvan bunu bildiyi üçün "soyqırım” uydurmasını ortaya atmaqla əslində qanunsuz silahlı dəstələrin varlığının üstünü örtmək istəyir. 



Ermənilərin Azərbaycanın bəzi regionlarına qayıtmaq məsələsinə gəlincə, bu Bakının qaldırdığı Qərbi Azərbaycandan olan soydaşlarımızın Ermənistan qayıtması məsələsilə əlaqəlidir. Bununla İrəvan məsələni bərabərləşdirməklə Azərbaycanın haqlı iddiasını zərərsizləşdirməyi düşünür. Fakt odur ki, Azərbaycandan köç edən ermənilər Qarabağa rusların vasitəsilə qaytarıldı. Ancaq 1988-ci ildə ərazi iddiasını qaldırmaqla İrəvan 11 gün ərzində 200 min soydaşımızı Ermənistandan qovdu. Ona görə də paritet gözlənilməlidir. Ermənilər Qarabağ qayıdırsa, demək azərbaycanlılar da Ermənistana qayıtmalıdır. Bu məsələnin dövlət siyasətinin tərkib hissəsi olduğu da xüsusi olaraq vurğulanmalıdır. Yoxsa, 11 gün ərzində 200 min insanı bir dövlətdən çıxarmaq o qədər də asan məsələ deyil. Deməli, ölüm təhlükəsi olub ki, soydaşlarımız öz yurd-yuvalarından çıxmağa məcbur edilib. 

İrəvan Laçın dəhlizinə faktaraşdırıcı missiyanın göndərilməsini istəməklə sərhəddə Avropa Birliyinin müşahidə missiyasını yerləşdirdikləri kimi, Fransa kimi havadarlarının köməyilə anoloji missiyanın Azərbaycana da gəlməsini təmin etmək istəyir. Bu isə ölkəmiz üçün ciddi problemlər yarada bilər. Ən azından Qarabağ məsələsini uzun müddətə dondurmaqla problemin yara olaraq qalmasını təmin edəcəklər. Bakının razılığı olmadan heç bir faktaraşdırıcı missiya Qarabağa gələ bilməz. Bu Azərbaycanın daxili məsələsidir və özü də həll edəcək”. 

Rüfət Sultan