Xəbər lenti

Pezeşkianla dini rəhbərlik arasında gərginlik: İranı fiaskoya sürükləyən səbəblər...
Dünya 13:00 23.12.2025

Pezeşkianla dini rəhbərlik arasında gərginlik: İranı fiaskoya sürükləyən səbəblər...

"Məsud Pezeşkian ilə ali dini rəhbərlik arasında gərgin münasibətlərin yaranması İran siyasi sistemi üçün fövqəladə və gözlənilməz hal deyil”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İran prezidenti Məsud Pezeşkianın ölkəsindəki siyasi sistemin mahiyyətilə bağlı səsləndirdiyi tənqidi fikirləri şərh edərkən deyib. 

Ekspert bildirib ki, İran İslam Respublikası qurulduğu gündən etibarən ölkənin ali dini rəhbərliyi ilə prezident institutu arasında zaman-zaman bu tip gərginlik və fikir ayrılıqları müşahidə olunub:

"Bunun əsas səbəbi İranın klassik respublika modellərindən fərqli özünəməxsus idarəetmə sisteminin olmasıdır. Bu sistemdə prezident icraedici hakimiyyətin başçısı olsa da, onun səlahiyyətləri ali dini rəhbərliyin nəzarəti və ideoloji çərçivəsi ilə ciddi şəkildə məhdudlaşdırılır. Prezidentin siyasi kimliyi daha çox dünyəvi-siyasi xarakter daşıdığı halda, ali dini rəhbərlik İran dövlətinin ideoloji mahiyyətini, inqilabi  xəttini və teokratik legitimliyini təmsil edir. Bu iki struktur arasında mövcud olan mahiyyət fərqi müəyyən mərhələlərdə qaçılmaz olaraq ziddiyyətli yanaşmaların ortaya çıxmasına səbəb olur".
 


Həmsöhbətimizin fikrincə, diqqət çəkən məqam ondan ibarətdir ki, bu cür çıxışlar və mövqelər İran-ABŞ və İran-İsrail münasibətlərinin yenidən kəskinləşdiyi bir dövrə təsadüf edir:

"Belə bir beynəlxalq fon şəraitində baş verən daxili siyasi ziddiyyətlər istər-istəməz fərqli şərhlərə yol açır. Bəzi dairələr bu vəziyyəti xarici təzyiqlər və mümkün  müdaxilə riskləri kontekstində izah etməyə çalışa bilərlər. Tarixi təcrübə də göstərir ki, İran prezidentlərinin böyük əksəriyyəti – xüsusilə birbaşa ruhanilər sinfinə  mənsub olmayanlar - vəzifəyə gəldikdən sonra müəyyən mərhələlərdə sistem daxilində ciddi maneələr və siyasi problemlərlə üzləşiblər. Bu, İran idarəetmə modelinin struktur xüsusiyyətlərindən irəli gəlir və fərdi şəxslərdən daha çox  sistemin daxili balans mexanizmləri ilə bağlıdır. Nəhayət, qeyd etmək lazımdır ki, sistem böhranları yalnız İrana xas deyil. Zaman-zaman bütün siyasi sistemlərdə, xüsusilə ideoloji əsaslar üzərində qurulmuş dövlət modellərində bu tip daxili gərginliklər baş verir. İran nümunəsində isə bu proseslər daha çox görünən və açıq formada təzahür edir”. 

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian son açıqlamasında ölkə rəhbəri olsa da, istədiklərini edə bilmədiyini etiraf edib. O bildirib ki, prezident olsa da, nəyinsə dəyişəcəyinə əsla inanmır. Reallığın tamam başqa və daha ağır olduğunu bilir. Xalqa verdiyi bir çox vədi yerinə yetirmək istəyir, lakin maneələr və ölkədəki siyasi sistemin mahiyyəti buna imkan vermir.

Prezident etiraf edib ki, ölkə artıq tam dalana dirənib, ciddi xaos içindədir: "Əgər qonşuların bir çoxu bizdən ehtiyat edirsə, deməli, oturub düşünmək lazımdır ki, bu, niyə belədir. Ölkədə elə bir idarəetmə problemi var ki, günahkar ABŞ, ya sionist rejimdir deməklə iş bitmir. Çünki hər şeydən də əvvəl problem bizim içimizdədir, biz özümüzük". 

Rüfət Sultan

Sorğu

--> -->