Xəbər lenti

Politoloq:
Dünya 16:55 26.01.2026

Politoloq: "Dünyanı 5 dövlətin barmaq işarəsinə bağlamaq ən böyük yanlışlıqdır"

"BMT-də islahatlara getmək üçün məsələnin həllinin iki yolu var. Ya qlobal güclər könüllü şəkildə yığışıb Təhlükəsizlik Şurası (TŞ) kontekstində bərabərhüquqlu, ədalətli islahatları razılaşdırır və bundan sonra islahatlara gedirlər. Yaxud da buna imkan verilmirsə, ona əngəl olacaq amilləri aradan qaldırmaq üçün çoxluğun rəyi ilə təşkilatın özü buraxılır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri müasir dövrdə münaqişələri həll etməkdə acizliyini ortaya qoyan BMT-də islahatların mümkünlüyündən danışarkən deyib. 

Ekspert qeyd edir ki, bundan sonra dövlətlər yenidən toplanıb ədalətli, bərabərhüquqlu səviyyədə real icra mexanizmləri olan yeni bir təşkilat yaratmalıdırlar:

"Dünyanı 5 dövlətin barmaq işarəsinə bağlamaq burada buraxılan ən böyük yanlışlıqdır. Onun nəticəsidir ki, bu gün BMT canlı meyitdir. BMT, əslində, II Dünya müharibəsindən sonra gerçəkdə ortaya çıxan reallığın nəticəsi olaraq mövcuddur. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri avtoritar və despotik rejimlərlə demokratik dünya arasında tarazlığın nümunəsi kimi ortaya çıxıb. Dünyanın nizamlı və sülh şəraitində yaşaması üçün güc mərkəzlərinin geosiyasi maraqlarını təmin etmək və onlara hər şeyin üstü olaraq hüquq vermək buraxılan ən böyük yanlışlıqdır".



Politoloqun fikrincə, bu gün digər güc mərkəzlərini görməmək, onları nəzərə almamaq mümkün deyil:

"Dünya dəyişir. Veto hüququnun olması da təşkilatda ciddi iflic yaradır. Belədə hər hansı bir qərarın qəbulu mümkün olmur və bu da münaqişələrin həllinə xidmət etmir. Bir milyarddan çox müsəlman toplumunu TŞ-də daimi təmsil edən heç bir dövlət yoxdur. Baş Assambleyanın qərarları da məcburi deyil, tövsiyə xarakteri daşıyır".

Müsahibimiz düşünür ki, islahatların aparılması üçün daimi üzvlərin maraqlarının uzlaşdırılmasına ehtiyac var:

"Lakin bu tendensiya potensial olaraq üfüqdə belə görünmür. Qəzza ilə bağlı yaradılan Sülh Şurasının nizamnaməsi dolayısı ilə BMT-nin səlahiyyətlərini əvəz etmək xarakteri daşıyır. Lakin reallıqda o da BMT-ni əvəzləyəcək, ədaləti təmin edəcək bir qurum deyil. Əksinə, perspektivdə BMT-ni basdıracaq bir qurumdur. BMT-də islahatlar aparılması üçün ya bütün daimi üzvlər bu yöndə konkret qərar qəbul etməli, ya da bütün dövlətlər yığışaraq qurumun buraxılmasını elan etməlidirlər. Bundan sonra BMT təməlləri üzərində yeni, daha dəyişkən, müasir dövrə uyğun, bütün güc mərkəzlərinin marağını təmin edən daimi funksiyalı strukturlar yaradılmalıdır. Bu zaman kimsəyə fövqəlsəlahiyyət verilməməlidir. "Güclü daha çox haqlıdır" prinsipi yaxın buraxılmamalıdır. İdarəetmə, yanaşma tərzi ədalət prinsipinə söykənməlidir”.

Qeyd edək ki, BMT kimi mötəbər bir qurum hazırda dünyada cərəyan edən problemlərin öhdəsindən gəlməkdə acizdir. Onun nəticəsidir ki, BMT müasir münaqişələri həll etməkdə çətinlik çəkir.

Ona görə də son zamanlar BMT-də islahatların vacibliyi məsələsi önə çəkilir. Məsələ xeyli müddətdir ki, gündəmdədir. Türkiyə, hətta ABŞ-ın özü islahatların vacibliyini dəfələrlə gündəmə gətiriblər. Lakin buna baxmayaraq, hələ ki bu istiqamətdə real addımlar atılmır. İslahatların vacibliyi sadəcə sözdə bildirilir. Reallıqda isə yenə də əsas güc mərkəzləri veto hüququndan istifadə etməklə təşkilatdan öz maraqları naminə yararlanmaqda davam edirlər.

Rüfət Sultan


--> -->