İdman 20:11 07.10.2023

Premyer Liqa: “Sabah” 7 oyundur qələbə qazana bilmir

Azərbaycan Premyer Liqasında IX tur davam edir.

Qaynarinfo-nun məlumatına görə, günün ikinci oyunu Bakıda keçirilib.

Mövsümə uğursuz start verən "Sabah” yenidən elitaya qayıdan "Araz-Naxçıvan”ı sınağa çəkib. "Zirə” və "Neftçi”ni məğlub etməklə diqqət çəkən "Araz-Naxçıvan” zəngin heyətə malik daha bir komanda "Sabah” önündə uğurlu çıxışını davam etdirib. Matçda hesabı qonaqlar açıblar. 76-cı dəqiqədə İshak Belfodil avtoqol müəllifi olub. 6 dəqiqə sonra Anatali Nuriyev bərabərlik qolunu vurub. Beləliklə, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bununla "Sabah"ın qalibiyyətsiz oyunlar seriyası 7-yə çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə” "Turan Tovuz”u 2:1, "Səbail” isə "Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. "Sumqayıt” – "Kəpəz” və "Neftçi” – "Qarabağ” görüşləri oktyabrın 8-də keçiriləcək.