XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sançesin inşa etdiyi ev: Mənzil böhranı sosialistlərin vəziyyətini ağırlaşdırır
Dünya15:02 29.09.2026

Sançesin inşa etdiyi ev: Mənzil böhranı sosialistlərin vəziyyətini ağırlaşdırır

Sosialist baş nazir Pedro Sançesin rəhbərlik etdiyi İspaniya hökuməti Seutada baş vermiş son miqrasiya böhranının və baş nazirin ailə üzvləri ilə yaxın tərəfdaşlarının iştirak etdiyi səs-küylü korrupsiya qalmaqallarının təsirindən tam çıxmamış yeni zərbə ilə üzləşib. Ev sahiblərinin 1956-cı ildən yaşadığı mənzildən 87 yaşlı təqaüdçünü çıxarması İspaniyada mənzillərin əlçatmazlığına qarşı genişmiqyaslı etirazların katalizatoruna çevrilib.

Qaynarinfo "Kommersant"a istinadən xəbər verir ki, böhranı yumşaltmağa çalışan baş nazir uzun müddətdir təxirə salınan mənzil haqqında qanun layihəsini Nazirlər Şurasının iclasına təqdim edib. Lakin azlıq hökumətinin bu sənədi parlamentdən keçirməsi asan olmayacaq. Bu isə sosialistlərin bu il keçiriləcək parlament seçkilərindəki şanslarını daha da azaldır.

Son illərdə müxtəlif ölkələrdə hakimiyyətin və ya digər şəxslərin özbaşınalığından zərər çəkmiş ayrı-ayrı insanların etirazların simvoluna çevrilməsi halları az olmayıb. ABŞ-da polis tərəfindən öldürülən Corc Floyd və həyat yoldaşının cinsi zorakılığının qurbanı olmuş fransalı Jizel Peliko buna nümunədir. İspaniyada isə mənzil probleminin uzun illərdir həll olunmamasından doğan xalq qəzəbini özündə cəmləşdirən simvol 87 yaşlı Marikarmen Abaskal olub.

Sentyabrın 23-də əlil arabasından istifadə edən qadın 70 il yaşadığı mənzildən xərəkdə çıxarılıb. Mənzil Madriddəki nüfuzlu Retiro rayonunda yerləşir. Çoxmənzilli bina bu yaxınlarda yeni investisiya şirkətinin mülkiyyətinə keçib və şirkət aylıq kirayə haqqını birdən-birə 275 faiz artıraraq 2650 avroya çatdırıb. Təbii ki, belə kirayə haqqı təqaüdçünün maddi imkanları xaricində olub və nəticədə o, mənzildən çıxarılıb.

Bu hadisə mənzil qiymətlərinin sürətlə artmasına və kirayəçilərin hüquqlarının müdafiəsinin olmamasına qarşı kütləvi etirazlar üçün tətik rolunu oynayıb.

Ötən həftəsonu etirazçılar Madridin mərkəzində yerləşən Puerta-del-Sol meydanında yüzlərlə çadır qurublar. Sentyabrın 28-i axşam baş nazir Pedro Sançesin gəldiyi Barselonada da 2 mindən çox insanın iştirakı ilə etiraz aksiyaları keçirilib.

Yaranan böyük ictimai rezonans fonunda ev sahibləri “xoşməramlılıq” nümayiş etdirmək və əvvəlki qərarlarını geri götürmək qərarına gəliblər. Onlar bildiriblər ki, xanım Abaskal üçün kirayə haqqının məbləği “əvvəllər ödədiyi məbləğlə müqayisə edilə bilən” olacaq. Qadının müalicə aldığı xəstəxanadan çıxdıqdan dərhal sonra mənzilə qayıtmasına icazə verilib. Lakin bu, təbii ki, ümumi problemi həll etməyib.

Mənzillərin əlçatmazlığı problemi artıq uzun illərdir ispanlar üçün ağrılı mövzu olaraq qalır. İspaniya Bankının tələblə yeni tikintinin həcmi arasındakı fərq əsasında apardığı hesablamalara görə, əhalisi təxminən 50 milyon nəfər olan ölkədə 700 min mənzil çatışmır.

Bu vəziyyət bir çox vətəndaşı kirayə mənzillərdə yaşamağa məcbur edir. Turizm sektorunun yaratdığı əlavə tələbin, eləcə də immiqrasiya hesabına əhalinin artmasının təsiri ilə kirayə qiymətləri sürətlə yüksəlir. “Idealista” daşınmaz əmlak portalının məlumatlarına görə, son on ildə İspaniyada mənzillərin orta kirayə qiyməti təxminən iki dəfə artıb.

Hazırkı baş nazir mənzil problemini həll edəcəyinə dəfələrlə söz versə də, bu istiqamətdə addımları kifayət qədər ehtiyatlı və ardıcıl olmayıb. Bu dəfə isə daha qətiyyətli davranmağa məcbur olub. Sançes böhranı səngitmək üçün mənzil haqqında qanun layihəsini tələsik Nazirlər Şurasının müzakirəsinə çıxarmaq qərarına gəlib.

“El Pais” qəzetinin məlumatına görə, sentyabrın 28-nə keçən gecə müzakirə olunan qanun layihəsinin variantında həssas kateqoriyaya aid kirayəçilərin evdən çıxarılmasına qarşı müdafiə tədbirlərinin 2028-ci ilədək uzadılması, müəyyən hallarda kirayə haqqının artımının 2 faizlə məhdudlaşdırılması və kirayə qiymətlərinin yüksək olduğu ərazilərdə yaşayanlara vergi güzəştlərinin təqdim edilməsi nəzərdə tutulub. Müzakirə olunan tədbirlər arasında investisiya fondlarının mənzilləri spekulyativ məqsədlərlə kütləvi şəkildə almasının qadağan edilməsi və qısamüddətli turist kirayəsinə verilən mənzillər üçün vergilərin artırılması da yer alıb.

Qanun layihəsinin hansı formada qəbul ediləcəyi və ümumiyyətlə parlamentdən keçib-keçməyəcəyi hələlik məlum deyil. Çünki Pedro Sançesin sosialistləri azlıq hökumətinə rəhbərlik edir. Mənzil və kirayə bazarının tənzimlənməsi ilə bağlı təkliflər daşınmaz əmlak sahiblərinin hüquqları məsələsində mühafizəkar mövqe tutan “Kataloniya naminə birlik” (“Junts”) partiyasının dəstəyini qazanacaq qədər mülayim olmalıdır. Bu partiya hökumətlə taktiki ittifaqı dəstəkləyir.

Eyni zamanda təkliflər sosialistlərin sol düşərgədəki müttəfiqləri — hakim koalisiyanın kiçik tərəfdaşı olan “Sumar” partiyasının dəstəyini qazanacaq qədər sərt olmalıdır. Bu məsələdə isə artıq problemlər görünür. Sentyabrın 28-də baş nazirin müavini və həmin partiyanın lideri Yolanda Dias cəmiyyəti özü də daxil olduğu hökumətə qarşı çıxmağa və real ehtiyaclara cavab verən qanun layihəsinin qəbuluna nail olmağa çağırıb.

Cəmiyyəti etirazlara çağırmaq üçün isə xüsusi səy göstərməyə ehtiyac yoxdur: son günlər etirazçılar yeni mənzil qanun layihəsinə dair tələblər siyahısını artıq açıqlayıblar. Onlar, xüsusilə, qanunvericiliyə kirayə müqavilələrinin avtomatik uzadılması, vicdansız ev sahiblərinə qarşı tədbirlərin sərtləşdirilməsi və mənzil böhranı həll edilənədək kirayə haqlarının dondurulması ilə bağlı müddəaların daxil edilməsini tələb edirlər.

Aydın