"Hazırda qida sənayesində plastik malların istifadəsi çox ciddi problemdir. Xüsusi ilə mayeli qidaların isti-soyuq, yaxud da günəş şüaları altında saxlanılması insan sağlamlığı üçün əlavə problemlər yaradır".
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla marketlərdə plastik qablaşdırmalarda saxlanılan ərzaq məhsullarının insan səhhətinə mənfi təsirlərindən danışarkən deyib.
Professor bildirib ki, plastik materiallardan qopan diasen, toksiki maddələr qidaya, eyni zamanda onun tərkibindəki mayeyə hopur:
"Son nəticədə də bizim orqanizmimizə daxil olur. Məsələ odur ki, bu cür maddələr orqanizmdə mübadiləyə məruz qala bilmir. Yəni, orqanizmdə hüceyrələrin tərkibində ya əriyə, ya metabolizmaya uğraya bilmir. Nəticədə də problem yaşanır, onlar orqanizmdə toplanır. Bu təkcə insanlarda deyil, eyni zamanda okeanlarda balıqların, başqa dəniz məhsullarının da bədənində yığılıb qalır. Bilirsiniz ki, bu cür tullantıların böyük əksəriyyəti su hövzələrinə axıdılır".
Professor problemin göründüyündən də ciddi olduğunu bildirib:
"İndiki artan əhali fonunda problemin həlli real görünmür. Bunun şüşə materialları ilə əvəz edilməsi, yaxud da digər təhlükəsiz materialların kəşf edilməsi hələlik üfiqdə yoxdur. Çünki bu qədər şüşə qablar real deyil, baha başa gəlir. Eyni zamanda həm də çətindir. Onun qablaşdırılması, daşınması, saxlanılması, qiyməti və s. var. Bunu nəzərə alanda görürük ki, problem ciddi olaraq qalmaqdadır. Bu ekoloji problemdir".
Adil Qeybulla xatırladıb ki, 30-40 ildir yaşıl enerji uğrunda milyardlarla vəsait xərclənib:
"Bunların böyük əksəriyyəti mənasız yerə sərf olunub. Ortada real nəticə yoxdur. Bu baxımdan da hesab edirəm ki, alimlər bununla bağlı düşünməlidirlər. Bir tərəfdən yer kürəsində əhali artır, onlara qida çatdırmaq lazımdır, digər tərəfdən də bu cür ekoloji problemlər var ki, onlar insan sağlamlığı üçün ciddi problemdir. Onlar sərbəst radikallar yaradır və sinir sisteminə toksiki təsir edir. Bu gün autimon, xərçəngin və başqa qorxulu xəstəliklərin artmasının dinamikasında yetərincə rolu var".
Qeyd edək ki, norveçli alimlərin apardığı araşdırmaya görə, ərzaq sənayesində istifadə olunan bütün plastik qablaşdırmalar insan səhhətinə ziyan verir. Tədqiqatçıların apardığı 103 elmi işin nəticələrinə görə, polietilen, polipropilen, PET, polistirol, poliamid və melamin qablaşdırmalarda saxlanılan yemək və içkilərin 96%-də plastik parçacıq aşkarlanıb.
Alimlər qeyd edib ki, mikroplastik insan sağlamlığına mənfi təsir göstərir, xüsusən də bağırsaq mikrobiomunun tərkibini dəyişə bilər. Bundan əlavə, stress, iltihablanma, neyrotoksiklik, immun və reproduktiv dəyişikliklər, eləcə də endokrin sistemin fəaliyyətində pozuntular göstərilib.
Bahar Rüstəmli
Şərhlər