ABŞ, İsrail və İran müharibəsinin davam etməsi artıq qlobal bazara da öz təsirlərini göstərir. Ekspertlər bildirir ki, müharibə davam edərsə, bu dünyada bütün sahələrə olduğu kimi kənd təsərrüfatına da təsirsiz ötüşməyəcək. Nəzərə alsaq ki, müharibə regionda, qonşu ölkədə baş verir, proqnozlar Azərbaycanda da kənd təsrrüfatı məhsullarının bahalaşacağına işarə edir.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya bildirib ki, Hörmüz boğazı ətrafında baş verən hadisələr Azərbaycan kənd təsərrüfatına birbaşa və dolayı təsir göstərə bilər:
"Əsas təsir mənbələrindən biri gübrə, pestisid və digər kənd təsərrüfatı vasitələrinin idxal qiymətlərinin yüksəlməsi ola bilər, çünki bu məhsulların bir çoxu qlobal bazardan gəlir".
Ekspert bildirib ki, əgər qlobal bazarda enerji və gübrə qiymətləri qalıcı olaraq yüksəlirsə, bu, yerli bazarda tərəvəz, meyvə, taxıl və digər kənd təsərrüfatı məhsullarının qiymətinə təsir edə bilər:
"Qiymətlərin artması fermerlər üçün istehsal xərclərini yüksəldə bilər və nəticədə bəzi məhsulların qiymətinin artmasına səbəb ola bilər. Bundan əlavə, logistika və nəqliyyat xərclərinin yüksəlməsi də kənd təsərrüfatı məhsullarının bazara çıxmasını çətinləşdirə və əlavə maliyyə yükü yarada bilər. Eyni zamanda, Azərbaycan fermerləri daxili istehsal imkanlarını artırmaq və alternativ mənbələrdən gübrə və texnika təmin etmək yollarını axtara bilər, bu da qiymət artımını tamamilə önləməyə və ya yumşaltmağa kömək edə bilər".
Akif Nəsirli son olaraq vurğulayıb ki, ümumilikdə, qiymət artımı ehtimalı mövcuddur, amma təsirin ölçüsü istifadə olunan resurslardan və dövlətin dəstək siyasətindən asılı olacaq.
Günay İlqarqızı
Şərhlər