Süni intellektin insan psixikasına təsirini bir sıra alimlər araşdırıb.
Qaynarinfo-nun məlumatına görə, amerikalı ekspert, fəlsəfə doktoru Cudit S. Bek tədqiqatçıların məlumatlarına istinad edərək "Psychology Today” üçün yazdığı məqalədə bildirib ki, psixoloji vəziyyəti yaxşılaşdırmaq üçün süni intellektdən (müxtəlif çat-botlardan, o cümlədən ChatGPT-dən) istifadənin həm üstünlükləri, həm də mənfi tərəfləri var.
Bununla belə, psixoloq alimlərə istinad edərək vurğulayıb ki, mənfi cəhətlər kifayət qədər ciddi olduğuna görə onlara ilk növbədə diqqət yetirmək lazımdır.
Niyə ChatGPT-dən psixoloq kimi istifadə etmək olmaz
Ekspert qeyd edib ki, ciddi psixi xəstəlik əlamətləri olan insanlar (məsələn, bipolyar pozuntu və ya şizofreniya) və özünə və ya başqalarına zərər vermək barədə düşüncələri olan şəxslər çat-botlardan istifadə etməməlidirlər.
Həddindən artıq və reallıqdan uzaq inanclara sahib insanlar tez-tez süni intellektin bu fikirləri gücləndirdiyini görə bilərlər. Bunun səbəbi isə onun əsas vəzifələrindən birinin istifadəçiyə uyğun cavab vermək olmasıdır.
Sənədləşdirilmiş bəzi hallarda psixi sağlamlıq problemləri olan istifadəçilər çat-botlarla ünsiyyətdən sonra simptomlarının ağırlaşdığını, hətta cinayət törətdiyini və ya intihar etdiyini bildiriblər. Buna görə də mütəxəssislər ChatGPT-nin psixoloqu tam əvəz edə bilməyəcəyini vurğulayırlar.
Alimlər qeyd ediblər ki, hətta psixi xəstəliyi olmayan insanlar üçün də çat-botlar zərərli ola bilər. Onlar istifadəçinin gələcək, dünya, digər insanlar və ya özü haqqında mənfi inanclarını gücləndirə bilər.
Bundan əlavə, istifadəçi süni intellekti canlı varlıq kimi qəbul etməyə və onun cavablarında həqiqi empatiya görməyə başlasa, onun reaksiyalarından asılı vəziyyətə düşə, digər insanlarla münasibətlər qurmaq və ya onları möhkəmləndirmək imkanını itirə bilər.
ChatGPT-dən psixoloq kimi istifadənin digər mənfi cəhətləri
* Çat-bot mürəkkəb və ya xroniki problemləri olan, eləcə də toksik münasibətlərdə olan insanlar üçün uyğun deyil. Belə şəxslərə kompleks müalicə planı lazımdır.
* Süni intellekt istifadəçinin davranışını və ya düşüncə tərzini kifayət qədər dərindən təhlil etməyə bilər. ChatGPT vəziyyəti hərtərəfli qiymətləndirə bilmədiyi üçün verdiyi məsləhətlər səhv ola bilər.
* Çat-botlar müalicə üsullarını konkret istifadəçinin problemlərinə uyğun şəkildə dəyişdirə bilmir. Həmçinin məxfilik və hüquqi məsuliyyət məsələləri də mövcuddur.
Bir çox insan düşünür ki, düzgün sorğu yazmaqla ChatGPT-ni psixoloqa çevirmək mümkündür. Lakin ekspertlərin fikrincə, çat-bota psixi sağlamlığı "yaxşılaşdırmaq” imkanı vermək bir sıra risklər yarada bilər.
Süni intellekt psixoloq kimi işləyə bilərmi?
Süni intellektdən istənilən vaxt istifadə etmək mümkün olsa da, onu tam hüquqlu psixoloq kimi qəbul etmək düzgün deyil. Sadalanan səbəblərlə yanaşı, daha bir problem mövcuddur: ChatGPT ilə söhbətin guya tam anonim olması yalnız təsəvvürdür.
Psixoloqun sözlərinə görə, çat-botlara aşağıdakı kimi sadə tapşırıqları etibar etmək daha təhlükəsizdir:
* günün planını strukturlaşdırmağa kömək etmək;
* mövcud resursları müəyyənləşdirmək;
* gündəlik vərdişləri izləmək.
Bundan əlavə, süni intellektdən ünsiyyət bacarıqlarını inkişaf etdirmək üçün də istifadə etmək mümkündür.
Aydın
Şərhlər