Antarktika dünyanın ən çətin coğrafiyalarından biri olmaqla yanaşı, bir çox insan üçün unikal həyat və iş təcrübəsi də təqdim edir.
Qaynarinfo xəbər verir ki, Britaniya Antarktika Araşdırma Qurumunun (British Antarctic Survey- BAS) yaydığı yeni iş elanları bu bənzərsiz qitədə çalışmaq istəyənlər üçün yeni imkanlar açır. Bəs Antarktikada işləmək üçün müraciətlər necə edilir, hansı şərtlər və meyarlar tələb olunur?
Antarktika təkcə dünyanın ən soyuq yeri deyil, eyni zamanda alimlər, texniki heyət və tədqiqatçılar üçün canlı laboratoriya hesab olunur. Gecələrin aylarla davam etdiyi, səmanın qütb işıqları ilə işıqlandığı bu ağ qitə insanın təbiətlə təkbətək qaldığı nadir məkanlardan biri kimi qəbul edilir. Burada zaman daha yavaş axır, gündəlik həyat isə intizam, dözümlülük və güclü komanda ruhu tələb edir.
Çətin iqlim şəraitinə baxmayaraq, Antarktikada yaşam bir çox insan üçün unudulmaz təcrübəyə çevrilir. Müasir tədqiqat stansiyalarında davam edən həyat elmi fəaliyyət, həmrəylik və kəşf hissini bir araya gətirir.
Məhz bu səbəbdən Britaniya Antarktika Araşdırma Qurumu tərəfindən açılan yeni iş elanları dünyanın dörd bir tərəfindən böyük maraq doğurur.
Geniş heyət üçün işə qəbul aparılacaq
"Daily Mail” nəşrində yer alan məlumata görə, yeni iş axtarışında olan və sərt soyuq hava şəraitindən çəkinməyənlər üçün Antarktikadan diqqətçəkən fürsət təqdim olunub. BAS Cənub Qütbündə yerləşən tədqiqat stansiyalarında çalışmaq üçün müxtəlif peşə qruplarından əməkdaşlar axtardığını açıqlayıb.
Yayımlanan elanlara əsasən, Antarktikada yalnız alimlər deyil, gündəlik həyatın davamlılığını təmin edən bir çox peşə sahiblərinə də ehtiyac var. Aşpazlardan tutmuş santexniklərə, dülgərlərdən mexanizm operatorlarına qədər geniş kadr heyəti üçün işə qəbul nəzərdə tutulur.
Hansı vəzifələr üzrə işə qəbul var?
BAS-ın rəsmi internet saytında yayımlanan mövcud elanlar arasında aşağıdakı vəzifələr yer alır:
* Kənd təsərrüfatı texnikası operatoru
* Dizel enerji istehsalı texniki
* Gəmi zabiti
* Dalğıc zabiti
* Meteoroloji müşahidəçi
* Radio operatoru
Qurum rəsmiləri növbəti üç ay ərzində yeni elanların da dərc ediləcəyini bildiriblər. Bu elanlar arasında aşpazlar, stansiya məsulları, zoologiya sahə assistentləri və müxtəlif texniki vəzifələrin yer alacağı gözlənilir.
Yüksək maaş və xərclərsiz yaşam
Antarktikada işləməyin ən diqqətçəkən cəhətlərindən biri təqdim olunan maddi imkanlardır. BAS tərəfindən verilən məlumata görə, maaşlar illik 30 min 244 funt-sterlinqdən başlayır. Bu məbləğ mövcud valyuta məzənnələrinə əsasən təxminən 35–36 min avroya, Azərbaycan manatı ilə isə təxminən 70 min AZN-ə bərabərdir. Üstəlik, yaşayış və yemək xərcləri olmadığı üçün bu, ciddi gəlir imkanı yaradır. Təcrübə və vəzifədən asılı olaraq maaş daha da arta bilər.
Antarktikada işləyərkən hansı imkanlar pulsuzdur?
Antarktikada yaşayış xərci yoxdur. Qurum əməkdaşlara aşağıdakı imkanları tamamilə pulsuz təqdim edir:
* Yaşayış yeri
* Gündəlik bütün yeməklər
* Antarktikaya gediş-gəliş və stansiya daxili nəqliyyat
* Ekstremal soyuqlara uyğun xüsusi geyimlər
* Lazımi bütün avadanlıqlar
* Təlim və təhlükəsizlik kursları
Bu amillər Antarktikada işləməyi maliyyə baxımından olduqca cəlbedici edir.
Adi işlər, amma qeyri-adi məkanda
"Rothera” tədqiqat stansiyasının əməliyyat rəhbəri Mayk Brayan Antarktikadakı həyatı belə izah edir: "Bir icmanın davamlılığını təmin etmək üçün lazım olan hər şeyə ehtiyacımız var. Santexniklər, dülgərlər, mexaniklər, mühəndislər, aşpazlar… Stansiyalarımızda çalışan insanlar əslində adi işlər görürlər, sadəcə bunu qeyri-adi bir məkanda edirlər".
Aylarla qaranlıq, -40 dərəcə soyuq
Bütün üstünlüklərə baxmayaraq, Antarktikada həyatın son dərəcə çətin olduğu da açıq şəkildə bildirilir. Qitə ilin təxminən yarısında tam qaranlığa bürünür.
Şiddətli küləklər və qar fırtınaları gündəlik həyata birbaşa təsir edir, temperatur isə bəzən -40 dərəcəyə qədər enir. Rəsmilər Antarktikada çalışacaq şəxslərin həm fiziki, həm də psixoloji baxımdan bu şəraitə hazır olmalı olduqlarını vurğulayırlar.
"Antarktika bir ailə kimidir”
"Halley VI” tədqiqat stansiyasında dülgər kimi çalışan Fil Kulman altı il əvvəl BAS-a qoşulduqdan sonra hər mövsüm geri döndüyünü deyir: "Antarktikada dülgər olmaq uyğunlaşma və komanda işi tələb edir. Burada qazandığım təcrübələr məni həm peşəkar, həm də şəxsi baxımdan inkişaf etdirdi. Halley sadəcə bir stansiya deyil, eyni zamanda bir ev və ailədir".
Kulman əvvəlcə yalnız bir mövsüm üçün gəldiyini, lakin Antarktika həyatının onu özünə çəkdiyini və artıq ayrılmaq istəmədiyini bildirir.
Sosial mediada Antarktika reallığı
"TikTok” fenomeni Metti Cordan (@mattykjordan) da bu sərt həyat şəraitini sosial mediada nümayiş etdirənlərdəndir. O, paylaşımlarında sağ qalma məsləhətlərinə də yer verir.
Beş ildən artıqdır Antarktikada çalışan Cordan Cənub Qütbündə gündəlik həyat, qar fırtınaları ilə mübarizə və təbiətlə iç-içə yaşanan təcrübələri izləyiciləri ilə bölüşür.
Cordan Cənub Qütbünə çatan ilk ingilis səyyah Robert Falkon Skottun adını daşıyan və Ross adasının ən ucunda yerləşən "Scott” bazasında yaşayır. Yeni Zelandiya tərəfindən idarə olunan bu baza Antarktikada 30-dan çox ölkəyə məxsus 80-dən artıq tədqiqat stansiyasından biridir.
Qida və içkiləri çöldə saxlamaq qadağandır
Cordan bildirir ki, qar fırtınaları zamanı küləklər binaları silkələyir və temperatur kritik həddə endikdə komandalar günlərlə çölə çıxa bilmir. Onun sözlərinə görə, qida və içkiləri çöldə saxlamaq qəti qadağandır, çünki bir neçə dəqiqə ərzində tamamilə donar.
Temperatur -43 dərəcəyə düşdükdə minimum üç qat, -50 dərəcədən aşağı olduqda isə beş qat geyim geyinmək məcburidir. Cordan qeyd edir ki, əsas məsələ qalın gödəkcə deyil, düzgün qatlama və keyfiyyətli termal alt geyimidir.
Müraciətlər necə edilir?
Antarktikada işləmək istəyən namizədlər Britaniya Antarktika Araşdırma Qurumunun rəsmi internet saytı vasitəsilə müraciət edə bilərlər. "Careers” və ya "Jobs at BAS” bölmələrində hər vəzifə üzrə tələb olunan keyfiyyətlər və iş təsvirləri ətraflı şəkildə göstərilir.
Müraciət prosesi əsasən aşağıdakı mərhələlərdən ibarətdir:
* Rəsmi karyera səhifəsinə daxil olmaq
* Açıq vakansiyaları nəzərdən keçirmək
* Onlayn müraciət formasını doldurmaq
* CV və tələb olunan sənədləri yükləmək
* Uyğun namizədlər üçün müsahibə və tibbi yoxlama
Rəsmilər xüsusilə komanda işinə uyğun, adaptasiya qabiliyyəti yüksək və çətin şəraitə davamlı namizədlərə üstünlük verildiyini bildirirlər. Antarktikada işləmək sadəcə iş deyil, dünyanın ən izolyasiya olunmuş coğrafiyasında elmin və kəşfin bir parçası olmaq fürsətidir.
Aydın
Şərhlər