Çin Xalq Azadlıq Ordusu süni intellekt texnologiyalarını hərbi sahədə sürətlə tətbiq etməklə müasir döyüş texnologiyalarını dəyişir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyinin araşdırmasında deyilir.
Çin hazırda süni intellekti hədəflərin tanınması və real vaxtda qərar qəbul etmə sistemlərinə fəal şəkildə inteqrasiya edir. ABŞ-ın "Nvidia” çiplərinin ixracına qoyduğu məhdudiyyətlərə baxmayaraq, 2025-ci ildə Çin şirkətlərinin, xüsusən "Huawei” istehsalı olan süni intellekt çiplərinin alınması artıb. Eyni zamanda, "DeepSeek” texnologiyaları ölkənin hərbi tədqiqat və tender layihələrində getdikcə daha geniş tətbiq olunur.
Çinin dövlət müdafiə şirkəti "Norinco” bu il süni intellektlə idarə olunan, döyüş şəraitində saatda 50 kilometr sürətlə hərəkət edə bilən avtonom hərbi nəqliyyat vasitəsini təqdim edib. Bu sistem "DeepSeek” tərəfindən idarə olunur.
"Reuters”in tədqiqatı göstərib ki, Pekin süni intellekti hərbi üstünlük qazanmaq üçün əsas strateji istiqamət kimi inkişaf etdirir. Satınalma sənədləri və patentlər "Pekinin hədəfləri avtonom şəkildə tanımaq və döyüş meydanında real vaxt rejimində qərar qəbul etmək kimi imkanlarda əhəmiyyətli irəliləyiş əldə etdiyini” göstərir.
Məlumata görə, Xalq Azadlıq Ordusu və ona bağlı qurumlar ABŞ nəzarətində olan "Nvidia” modelləri də daxil olmaqla həmin şirkətin çiplərini axtarmaqda davam edir. Lakin 2025-ci ildə tender sənədlərində yerli istehsal avadanlıqlardan, xüsusən "Huawei” çiplərindən istifadə edən podratçıların sayının artdığı müşahidə olunub.
Bu il ərzində Xalq Azadlıq Ordusuna bağlı qurumlar tərəfindən təqdim edilən onlarla tenderdə "DeepSeek” modellərinin tətbiqi qeyd olunub. Hərbi satınalmalarla bağlı elanlarda bu texnologiyanın istifadəsi barədə məlumatlar mütəmadi şəkildə yenilənir.
"Reuters” yazır ki, "DeepSeek”in populyarlığı Çinin "alqoritmik suverenlik” adlandırdığı strategiyanı əks etdirir. Bu siyasət Qərb texnologiyalarından asılılığı azaltmaq və milli rəqəmsal infrastruktur üzərində tam nəzarəti təmin etməyə yönəlib.
Sənədlərə görə, Çin süni intellekt əsasında fəaliyyət göstərən it-robotların və dron sürülərinin hazırlanması üzərində də işləyir. Bu sistemlər hədəfləri müstəqil şəkildə izləyə və komanda mərkəzlərini vizual olaraq müəyyən edə bilir. 2024-cü ilin noyabrında Xalq Azadlıq Ordusu belə robotların kəşfiyyat və mina zərərsizləşdirmə əməliyyatlarında birgə işləməsini nəzərdə tutan tender elan etmişdi.
Daha əvvəl Çinin dövlət mediası süni intellekt texnologiyaları ilə təchiz olunmuş "Unitree” şirkətinin silahlı robot itlərinin hərbi təlimlərdə sınaqdan keçirildiyini göstərmişdi.
Son iki ildə yayımlanan elmi tədqiqatlar və patentlər göstərir ki, Çin süni intellekti döyüş planlaşdırılmasını sürətləndirmək üçün də tətbiq edir. Məsələn, Sian Texnologiya Universitetinin alimləri bildiriblər ki, "DeepSeek” bazasında hazırlanmış sistem cəmi 48 saniyəyə 10 min fərqli döyüş ssenarisini analiz edə bilir. Eyni tapşırığın insan planlaşdırıcılar tərəfindən yerinə yetirilməsi üçün isə təxminən 48 saat tələb olunur.
Sənədlər həmçinin göstərir ki, Çin ordusu döyüş meydanında daha avtonom texnologiyalara investisiya yatırır. Dronların insan müdaxiləsi minimum səviyyədə olmaqla hədəfləri müəyyənləşdirməsi və koordinasiyalı şəkildə fəaliyyət göstərməsi üzərində iş aparılır. Pekindəki Beyxan Universiteti "DeepSeek” texnologiyasından dron sürülərinin hücum qərarlarını optimallaşdırmaq üçün istifadə edir.
Avropada isə təhlükəsizlik səbəbindən Çexiya "DeepSeek” sisteminin istifadəsini qadağan edib. Avropa rəsmiləri bu texnologiyaların kibertəhlükəsizlik üçün risk yaratdığını və onların Çin tərəfindən kəşfiyyat məqsədləri ilə istifadə oluna biləcəyini bildiriblər.
Aydın
Şərhlər