Xəbər lenti

İdman 14:50 04.08.2022

“Qarabağ”  - ”Ferentsvaroş” matçının hakimi hansı ciddi səhvlərə yol verib? (ŞƏRH)

Ötən gün "Qarabağ” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakıda Macarıstan təmsilçisi "Ferentsvaroş”u qəbul etdi. 
İlk oyunda Ağdam klubu qələbəyə daha yaxın olsa da, qarşılaşma yekunda 1:1 hesabı ilə nəticələndi. Təbii ki, "Qarabağ”ın vurduğu ikinci qol ofsayd kimi qeydə alınmasaydı, Azərbaycan təmsilçisi növbəti həftə Macarıstana qələbə ilə yollanacaqdı. Bəs bu qərar nə dərəcədə doğru idi? Ümumiyyətlə, oyunboyu hakimliklə bağlı narazılıqlar da müşahiə olundu. Xüsusən də referinin "Qarabağ”a qarşı heç də mülayim davranmadığı bildirilirdi. Bu səbəbdən matçın hakimliyi ilə bağlı sabiq FİFA referisi Əfqan Həmzəyevin qiymətləndirməsini istədik.

Həmzəyev Qaynarinfo-ya açıqlamasında idarəçiliyi şərh etdi:

"Əvvəlcə onu deyim ki, hakimlər briqadası oyunun öhdəsindən gəldi. Normal hakimlik oldu. Bəli, bəzi epziodlar var ki, diskussiyaya açıqdır, ona izah gətirəcəm. Köməkçi ilə baş hakim arasında əlaqələr normal idi, bütün məqamları görürdü, vaxtında reaksiya verirdi. Fiziki hazırlığa gəlincə, bilirsiniz ki, hakim İsveçdən idi. Bakıda da ən azı 35 dərəcə isti var idi. Bu İsveç üçün xaraktterik hava deyil. Orada yayda temperatur 25-28 dərəcədən yuxarı olmur. Fiziki hazırlığı normal idi, qaçdı, işlədi, diaqonallardan istifadə etdi. Görmədiyi epizod yox idi. Lakin görüb qeydə almadığı qayda pozuntuları var idi. Məsələn, "Ferentsvaroş”un futbolçusu Ayssa Layduninin oyun boyu 8-9 folu var idi. Hansı ki, onların bir neçəsi sistematik qayda pozuntusu idi. Hər iki-üç toxunuşdan bir qayda pozuntusuna yol verirdi. Bir dəfə Ozobiçi meydanın mərkəzində itələyib yıxsa da, hakim davam işarəsi verdi. Onun davamında bizim başqa oyunçuya qarşı sürüşmə fəndini yerinə yetirərək qaydanı pozdu. Ona ən azı sarı vərəqə göstərilməli idi.  Mənə çatmadı ki, o oyunu sarı vərəqə almadan necə tərk etdi? İkili, yəni hava mübarizələrində arxadan bizim futbolçuları itələyib yıxanda hakim qayda pozuntusu qeydə almırdı. Ancaq xırda follara görə oyunu dayandırırdı. Ümumilikdə birinci hissədə hakim komandalara demək olar oynamağa imkan verdi. Hər dəfə sürüşmə fəndlərindən, itələmələrdən, yıxmalardan sonra davam işarəsi verirdi. 

Fasilədə sanki kimsə ona demişdi ki, oyunun "ipini buraxma”. İkinci hissədə tamamilə ilk hissədəki idarəçiliyin əksini etdi. Artıq komandaları fitə "oturtdu”. Blirdi ki, belə olmasa idarəçilik daha da qəlizləşəcək. Ona görə də hər qayda pozuntusu zamanı fit çalıb oyunun tempini öldürürdü. Problem ondadı ki, birtərəfli idarəçilik edirdi. Hakimin hakim olması üçün qaydaların birmənalı yozumu lazımdır. Yəni, sən eyni qayda pozuntusunu bir komandanın xeyrinə verirsənsə, digəri üçün də bunu etməlisən. "Qarabağ” fol edəndə hakim oyunu saxlayırdı. Amma "Ferentsvaroş”un futbolçuları qaydanı pozanda davam işarəsi verirdi. Bir də düşünürək qərar verilməlidir. İkinci hissəsə bir epizod oldu. Vadji hücuma gedərkən onu yıxdılar. İstəməyə-istəməyə cərimə zərbəsi qeydə aldı. Bunun səbəbini bilmədim. Amma qərarların 90 faizi doğru idi. Oyundankənar vəziyyətlə bağlı qərarı da düz idi. Hətta mən evdə otura-otura baxdım ki, qol oyundankənar vəziyyətdən vurulub. Əvvəlcə "qool” qışdıqrdım, sonra oğlum soruşanda dedim ki, qol vurdular, amma 1 dəqiqədən sonra hakim ofsayd qeydə alıb. Çünki hakim hiss etmişdi ki, futbolçu rəqibindən bir çiyin irəlidə idi. Xatırlayırsınızsa "Lex”lə oyunda "Qarabağ” qollardan birini ofsayddan vurmuşdu. "Sürix”in qapısına vurulan qollardan biri də mübahisəli idi. Həmin vaxt Vadji ilə Medina mübarizə zamanı bir-birinə toxundu, köməkçi hakim topun kimə dəyib getdiyini dəqiq bilmədi. Sonda qol saydılar. Həmin qol da ofsayddan vurulmuşdu. Həmin oyunlarda VAR olsaydı, qollar qeydə alınmayacaqdı. Dünənki matçda birbaşa bizim sistemimizdən istifadə etdilər. VAR-ın arxasında kimlər əyləşmişdi, dəqiq bilmədim. Hesab edirəm ki, qərar doğru idi. VAR olmasaydı, "Qarabağ” 2:1 hesabı ilə qələbə qazanacaqdı. 

Qiymətləndirməyə gəlincə, həmin hakim idarəçiliyə görə maksimum 8,3 bal ala bilər. Çünki nə qədər yüksək səviyyədə oyun idarə etsə də, VAR-a baxırsa və qərarını dəyişirsə, qiymət 0,1 bal aşağı düşməlidir. Çünki qərarın düzgün olmasına baxmayaraq, o, VAR-a müraciət edib. Bu birmənalıdır. Mən hakim-inspektor olsaydım, həm hakimə, həm də köməkçilərinə 8,3 bal verərdim. Çünki səhvlər var idi. O, hələ də öz üzərində işləməlidir”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->