Xəbər lenti

Dünya 14:36 19.10.2022

Qazaxıstan Rusiyanı tərk edən 50-dən çox xarici şirkəti "ovlaya" bilib

Rusiyanı tərk etmək qərarına gələn 50-dən çox xarici şirkət qonşu Qazaxıstana "köçüb”.

Qaynarinfo xəbər verir ki, bu barədə Qazaxstan Respublikasının Prezidenti Kasım-Comart Tokayev məlumat verib.

"Onların hamısını böyük şəhərlərdə cəmləşdirmək səmərəsizdir. Akimlik (administrasiya-red.) Almatı yaxınlığında Böyük Almatı Dairəvi yolunun perimetri boyunca regionun iqtisadiyyatına əhəmiyyətli dərəcədə kömək edəcək belə sənaye sahələrinin yerləşdirilməsi işini hazırlamalıdır”, deyə Tokayev Almatı vilayətinin ictimaiyyəti ilə görüşündə bildirib.

Prezident yerli hakimiyyət orqanlarını "investorlar üçün Rusiyadan köçürülənlər də daxil olmaqla yeni istehsal müəssisələrinin açılması məqsədilə hər cür şərait yaratmağa” çağırıb. O vurğulayıb ki, bu, digər dövlətlərlə "manesiz və fasiləsiz mal mübadiləsi” üçün lazımdır.

Qazaxıstanın baş naziri Əlixan Smailov isə bildirib ki, hakimiyyət orqanları Ukraynada müharibə başlayandan sonra Rusiyanı tərk etmək qərarına gələn 300-dən çox böyük xarici şirkətin siyahısını tərtib edib: "Biz onlarla işlədik və Qazaxıstandakı fəaliyyət imkanları barədə məlumat verdik. Bu günə qədər 56 şirkət öz ofislərini Qazaxıstana köçürmək arzusunu bildiriblər”.

Onun sözlərinə görə, hökumətin əsas vəzifəsi Qazaxıstana istehsal müəssisələri cəlb etməkdir. Smailov Rusiyanı tərk etmək qərarına gələn xarici şirkətlərə "müəyyən vergi və tənzimləyici üstünlüklər", həmçinin lazımi infrastruktur məsələlərində yerli hakimiyyət orqanları dəstək vəd edib.

Tokayev iyulun əvvəlində Rusiyada fəaliyyətini dayandıran və ya tərk edən 1400 xarici şirkət üçün əlverişli şərait yaradılması barədə göstəriş verib. "Bu, bizə orta və yüksək emallı məhsulların istehsalını artırmaq üçün yaxşı imkanlar verəcək", deyə Tokayev izah edib.

Kreml buna neytral reaksiya verib. "Dünyanın istənilən ölkəsi xarici investorlar üçün rahat şərait yaratmağa çalışır. Bu başqa məsələdir ki, indi kənardan görünməmiş təzyiq altında bir çox şirkət belə qərarlar qəbul etməyə məcburdur”, deyə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->