Son vaxtlar sosial şəbəkələrdə mətbəx səthlərini təmizləmək üçün istifadə olunan qeyri-adi üsul sürətlə populyarlaşır. İddialara görə, üyüdülmüş qəhvə ilə sirkənin qarışığı yağ ləkələrini, yanmış qida qalıqlarını və digər çirkləri effektiv şəkildə təmizləməyə kömək edir.
Qayarinfo-nun Planeta nəşrinə istinadən məlumatına görə, ilk baxışdan qəribə görünən bu qarışıq istifadəçilər tərəfindən bahalı məişət kimyəvi vasitələrinə alternativ kimi təqdim olunur.
Bildirilir ki, sirkə əhəng ərpini həll edir, yağları parçalayır və dezinfeksiyaedici xüsusiyyətə malikdir. Üyüdülmüş qəhvə isə səthi cızmadan yumşaq aşındırıcı (abraziv) rolunu oynayır. Bu iki komponent birlikdə hətta çətin təmizlənən çirklərin aradan qaldırılmasına kömək edə bilər.
Qarışıq haralarda istifadə oluna bilər?
Məlumata görə, bu qarışıq aşağıdakı səthlərin təmizlənməsi üçün istifadə oluna bilər:
tava və qazanlar;
mətbəx plitəsi;
mətbəx çanağı (moyka);
iş masası səthi;
mətbəxdəki yağ ləkələri.
Təmizləyici qarışıq necə hazırlanır?
Bunun üçün aşağıdakı ərzaqlar tələb olunur:
2 xörək qaşığı üyüdülmüş qəhvə;
300 ml süfrə sirkəsi;
1 xörək qaşığı duz;
istəyə görə 100 ml qabyuyan maye.
Hazırlanması üçün sirkə, qəhvə və duz qarışdırılır. Daha güclü yağ təmizləyici təsir əldə etmək istənilərsə, qarışığa qabyuyan maye də əlavə oluna bilər.
Hazır məhlul çirkli səthə çəkilir, süngərlə yüngül şəkildə ovulur və bir neçə dəqiqə saxlanıldıqdan sonra su ilə yuyulur.
Mütəxəssislər isə xatırladırlar ki, belə üsullardan istifadə etməzdən əvvəl qarışığı əvvəlcə kiçik və görünməyən hissədə sınaqdan keçirmək məqsədəuyğundur.
Xüsusilə təbii daş, mərmər və ya həssas örtüklü səthlərdə sirkə materiala zərər verə bilər.
Günay
Şərhlər