"Qərblə Tehran arasında qarşılıqlı ittihamlar fonunda İranın sərt və bəzən qabaqlayıcı reaksiyalar verməsi rəsmi diskurs baxımından "təhlükəsizlik zərurəti" kimi təqdim olunur".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov xarici qüvvələrin ölkədə hakimiyyət dəyişikliyi planları ilə bağlı İran rəsmilərinin son açıqlamalarını şərh edərkən deyib.
Ekspert bildirib ki, İranda daxili gərginliklərdən danışarkən "xarici qüvvələr" ifadəsi rəsmi Tehran tərəfindən əsasən ABŞ və İsrailə yönəldilir:
"İran hakimiyyəti hesab edir ki, ölkə daxilində müəyyən qruplar bu iki dövlət tərəfindən siyasi, informasiya və ya digər formalarda dəstəklənir. ABŞ və İsrail isə İran daxilindəki proseslərə münasibətdə ümumi şəkildə müxalif mövqeləri müdafiə etdiklərini gizlətmirlər, lakin birbaşa müdaxilə iddialarını fərqli formada izah edirlər. Bu qarşılıqlı ittihamlar fonunda İranın sərt və bəzən qabaqlayıcı reaksiyalar verməsi rəsmi diskurs baxımından "təhlükəsizlik zərurəti” kimi təqdim olunur".
Müvəqqəti hökumət məsələsinə gəlincə, həmsöhbətimizin fikrincə, müxtəlif ekspertlərin, o cümlədən Qərb mediasında adı hallanan fiqurların səsləndirdiyi fikirlər daha çox ehtimal xarakteri daşıyır:
"Bu, hazırkı reallıqdan çox, mümkün siyasi transformasiya variantlarının müzakirəsidir. ABŞ daxilində də İranla bağlı vahid və tam formalaşmış əməliyyat strategiyasının mövcud olduğunu söyləmək çətindir. Vaşinqtonda İran siyasəti ətrafında ciddi fikir ayrılıqları var. Bir tərəf sərt təzyiq xəttini müdafiə edir, digər tərəf isə diplomatik kanalların açıq saxlanmasının tərəfdarıdır".
Konfliktoloq qeyd edib ki, hakimiyyətin bu cür ssenariləri qəsdən gündəmdə saxlayıb-saxlamaması məsələsi daha çox siyasi interpretasiya predmetidir:
"Müvəqqəti hökumət ideyası əsasən Qərb mediasında və bəzi analitik çevrələrdə müzakirə olunur. ABŞ və İsrailin İranla bağlı strategiyaları regionda balansın dəyişdirilməsi kontekstində qiymətləndirilir. Eyni zamanda, İran hakimiyyəti də bu müzakirələrdən daxili təbliğat aləti kimi istifadə edir, xarici təhlükə narrativini gücləndirməklə daxili konsolidasiyanı möhkəmləndirməyə çalışır. Beləliklə, burada informasiya müharibəsi, geosiyasi maraqlar və daxili legitimlik məsələləri bir-birinə qarışır. Reallıq isə adətən səsləndirilən maksimalist iddialardan daha mürəkkəb olur".
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian son çıxışında xarici qüvvələrin ölkədə hakimiyyət dəyişikliyi planlarından danışıb. Bundan əvvəl isə İranın ali dini lideri Ayətullah Əli Xamenei bildirib ki, xarici qüvvələr İranda İslam inqilabından əvvəl mövcud olan şəraiti bərpa etməyə cəhd göstəriblər.
"The National News” qəzeti isə mənbələrə istinadən yazır ki, Vaşinqton İranda siyasi böhran yaranacağı təqdirdə bu ölkədə müvəqqəti hökumətin qurulması istiqamətində gizli plan hazırlayır. Hətta bildirilir ki, ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin prosesdə yaxından iştirakı nəzərə çarpır. O, sözügedən məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün bir qrup İran əsilli biznesmeni ətrafına toplayır.
Rüfət Sultan
Şərhlər