Xəbər lenti

Qəzzada əməliyyatların ikinci mərhələsi: Təl-Əviv əraziyə nəzarət edə biləcəkmi? (ŞƏRH)
Dünya 11:57 04.09.2025

Qəzzada əməliyyatların ikinci mərhələsi: Təl-Əviv əraziyə nəzarət edə biləcəkmi? (ŞƏRH)

"İsrailin Qəzzada hərbi əməliyyatları genişləndirməsi prosesi davam edir. İsrail bu fonda fiziki baxımdan bölgəni tam nəzarətə götürə bilər. Lakin praktiki və uzunmüddətli prosesdə Təl-Əviv əraziyə nəzarəti əlində saxlamaq imkanına malik deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov İsrailin Qəzzada əməliyyatların ikinci mərhələsinə başlamasını şərh edərkən deyib.

"Çünki burada qarşıda duran qüvvə yalnız hərbi deyil, həm də ideoloji müqavimətdir. HƏMAS və digər təşkilatların fəaliyyəti sırf fiziki mübarizə ilə məhdudlaşmır, onların müqaviməti ideoloji və siyasi xarakter daşıyır", deyə ekspert bildirir. 

Onun fikrincə, Qəzza əhalisi humanitar faciədən sonra asanlıqla yeni bir siyasi razılaşmaya getməyəcək:

"Fələstin müqavimətinin tarixi kökləri də bunu təsdiqləyir. 1936-1939-cu illərdə ingilislərə qarşı başlayan, daha sonra isə 1948-dən etibarən İsrailə qarşı davam edən mübarizə təkcə silahlı fəaliyyət deyil, həm də milli-ideoloji müqavimətdir. Bu müqavimət bir antitez kimi formalaşaraq nəsildən-nəsilə ötürülüb. Bu səbəbdən, İsrail hərbi gücü ilə Qəzzanı ələ keçirsə belə, ərazini praktiki olaraq nəzarətdə saxlaması çətin olacaq".
 


Konfliktoloq düşünür ki, İsrailin Qəzzanı tam nəzarətə götürməsi əksinə, bölgədə gərginliyi daha da artıracaq: 

"İsrail bu məqsədə çatmaq üçün həmişə olduğu kimi bəzi ərəb dövlətlərinin dəstəyindən istifadə etməyə çalışacaq. Lakin əsas məsələ ondan ibarətdir ki, Yaxın Şərqdə həqiqi sülh və sabitlik yalnız Fələstin xalqının hüquqları bərpa olunduqdan sonra mümkündür. Əks halda, bölgədə heç bir davamlı sakitlikdən danışmaq mümkün olmayacaq".

Qeyd edək ki, mətbuatın yazdığına görə, İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə start verib. Bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir deyib. O, HAMAS məğlub edilənə qədər təşkilata zərbələr endiriləcəyini vurğulayıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->