Xəbər lenti

Qızıl Yerə hardan gəlib? - Alimlər açıqladı
Dünya 08:15 05.06.2026

Qızıl Yerə hardan gəlib? - Alimlər açıqladı

Qızılın və digər ağır metalların kosmik mənşəyi uzun müddətdir elm adamlarının diqqət mərkəzindədir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily” nəşri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, Yer kürəsindəki hər bir qızıl zərrəsi kosmosda baş vermiş nəhəng astrofizik proseslərin nəticəsidir. Bu sirrin açılmasında 2017-ci il 17 avqust tarixində qeydə alınan GW170817 adlı kosmik hadisə mühüm rol oynayıb.

Həmin gün uzaq qalaktikada iki neytron ulduzu milyard illər davam edən orbitdən sonra toqquşub və nəticədə "kilonova” adlanan güclü partlayış baş verib. Bu hadisə zamanı böyük miqdarda ağır elementlər, o cümlədən təxminən 200 Yer kütləsi qədər qızıl və 500 Yer kütləsi qədər platin əmələ gəlib.

Adi ulduzlar qızıl kimi ağır elementləri yarada bilmir. Ulduzların daxilində gedən termonüvə sintezi prosesləri yalnız dəmirə qədər elementləri formalaşdıra bilir, çünki daha ağır elementlərin yaranması üçün enerji sərf edən xüsusi şərait tələb olunur.

Qızılın yaranması üçün "r-proses” adlanan, neytronların çox sürətli şəkildə atom nüvələrinə birləşməsi prosesi lazımdır. Bu isə yalnız neytron ulduzlarının toqquşması kimi ekstremal şəraitdə mümkündür.

Alimlərin fikrincə, Yer kürəsindəki qızıl Günəş sistemindən də əvvəl formalaşmış ola bilər. Günəş sistemi yaranarkən onu təşkil edən qaz və toz buludu artıq keçmiş kosmik partlayışların "qalıqları” ilə zənginləşmişdi. Yer formalaşarkən isə ağır qızılın böyük hissəsi planetin nüvəsinə batıb. Hazırda yer qabığında tapılan qızıl isə daha sonrakı mərhələdə, asteroidlərin intensiv bombardmanı nəticəsində səthə yaxın qatlara çatıb.

Bununla belə, alimlər hələ də neytron ulduzlarının toqquşmasının kosmosda qızılın yeganə mənbəyi olub-olmadığını müzakirə edirlər. Bəzi astrofiziklərin fikrincə, bu cür hadisələrin nadirliyi kosmosda müşahidə edilən qızıl miqdarını tam izah etməyə bilər və buna görə də magnetarlar və ya digər ekstremal kosmik proseslər də əlavə rol oynamış ola bilər.

Aydın
--> -->