"Qrenlandiyanı ələ keçirmək Tramp üçün həm sərvətə, həm təhlükəsizlik çətirinə tam sahiblənmək, həm də Avropanın Amerika qitəsinə nüfuzunun qarşısını almaq deməkdir. Bu isə ABŞ-ın dünya arenasında daha güclü geosiyasi aktora çevrilməsi ilə nəticələnəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ üçün Qrenlandiyanın önəmini şərh edərkən deyib.
Ekspert bildirib ki, Qrenlandiya Vaşinqton üçün genişlənmə siyasətinin tərkib hissəsidir. Qrenlandiya ABŞ üçün bir çox baxımdan strateji əhəmiyyət daşıyır:
"Bu, ilk növbədə Donald Trampın "Amerikanı yenidən böyük edək” şüarı ilə bağlıdır. Bu kontekstdə Qrenlandiyaya ABŞ-ın genişlənmə siyasətinin mühüm elementi kimi baxılır. Bir vaxtlar qəbul edilən "Monro doktrinası” Avropanın Amerika qitəsinə müdaxiləsinin qarşısını almağı nəzərdə tuturdu. Son dövrlərdə isə Çin və Rusiyanın Arktika regionunda, o cümlədən Qrenlandiya ətrafında fəallaşması müşahidə olunur. Bu baxımdan Trampın addımlarını digər güclərin Qrenlandiyada möhkəmlənməsinin qarşısını almaq və ABŞ-ın Amerika qitəsində təkbaşına dominant mövqeyini qorumaq cəhdi kimi qiymətləndirmək olar”.
Ekspert bildirib ki, ABŞ üçün Qrenlandiyanı əldə etmək "Qızıl Qübbə” adlandırılan təhlükəsizlik sisteminin təsir dairəsini genişləndirmək anlamına gəlir:
"Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Qrenlandiyanın referendum yolu ilə Rusiyaya birləşə biləcəyi ilə bağlı açıqlaması da Trampı bu məsələdə daha da qıcıqlandırıb".
Müsahibimizin sözlərinə görə, Tramp hələlik bu məqsədə çatmaq üçün "yumşaq güc” taktikasından istifadə edir:
"Bir tərəfdən adanı işğal etməyəcəyini, sadəcə əldə etmək istədiyini bəyan edir. Digər tərəfdən isə bölgədə hərbi hərəkətlənmələr müşahidə olunur və sərt güc elementləri nümayiş etdirilir. Yəni Qrenlandiya ABŞ üçün təkcə iqtisadi yox, həm də strateji və təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Görünən odur ki, Vaşinqton yumşaq və ya sərt güc vasitəsilə Qrenlandiya məsələsində istəyinə nail olmağa çalışacaq və proses təkcə bu ada ilə məhdudlaşmayacaq”.
Qeyd edək ki, Qrenlandiya ətrafında gedən proseslər sürətlənməkdə davam edir. Tramp administrasiyası adanı nəzarətə götürməkdə israrlı olduğunu gizlətmir. Bu da Tramp üçün Qrenlandiyaya sahib olmağın strateji əhəmiyyətini açıq şəkildə ortaya qoyur. Avropa isə mövcud vəziyyətdə Qrenlandiyanı müdafiə etmək məqsədilə bölgəyə məhdud sayda hərbi qüvvə göndərib. Lakin indidən hiss olunur ki, Avropa bu məsələdə Trampın qarşısında tam qətiyyət nümayiş etdirməyə hazır deyil. Avropa ölkələri ümumilikdə tərəddüdlü mövqe sərgiləyirlər. Fransa Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Pyer de Vilye bildirib ki, NATO ölkələri ABŞ-nin Qrenlandiyanı ələ keçirməsi ilə bağlı mümkün hərbi əməliyyatı zamanı alyansın nizamnaməsinin 5-ci maddəsinə istinad etməyəcək. Onun sözlərinə görə, NATO-ya üzv dövlətlər ABŞ-yə qarşı hərbi qarşıdurmaya getməyəcək.
Rüfət Sultan
Şərhlər