Xəbər lenti

Qrenlandiya Ukraynadakı müharibəni bitirmək üçün edilən son cəhddə mühüm rol oynadı - Politico
Dünya 13:06 23.01.2026

Qrenlandiya Ukraynadakı müharibəni bitirmək üçün edilən son cəhddə mühüm rol oynadı - Politico

ABŞ, Kiyevin gələcəyi ilə bağlı müzakirələri arxa plana atan Qrenlandiya məsələsinə görə itirilmiş tempi bərpa etmək məqsədilə Rusiya və Ukrayna arasında danışıqları davam etdirib.

Qaynarinfo "Politico”ya istinadla yazdığına görə, ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşmək qərarı sülhə nail olmaq üçün səylərin yenidən canlanmasından xəbər verir.

Nəşr qeyd edib ki, Qrenlandiya ətrafındakı vəziyyət Ukrayna və müttəfiqlərində bu danışıqlar mərhələsinin müharibənin dayandırılmasında daha əhəmiyyətli irəliləyişə gətirib çıxaracağına dair ümid yaradıb. "Lakin Rusiyanın bu dövr ərzində öz tələblərindən geri çəkildiyinə dair əlamətlər azdır", – deyə jurnalistlər qeyd ediblər.

"Amerikalılar Rusiyanın Qrenlandiyada onlara təhdid yaratdığını deyəndə, biz onlara cavab veririk: yaxşı, biz bu narahatlığı başa düşürük, lakin ən yaxşı və ən effektiv yol Rusiyanı Ukraynada məğlub etməkdir, çünki bizim cəbhə xəttimiz, ortaq cəbhə xəttimiz oradadır", – deyə litvalı deputat Ziqimantas Pavilyonis bildirib.
Nəşr qeyd edib ki, ABŞ və Avropa Qrenlandiya ilə bağlı vəziyyətdən çıxış yolu tapsalar belə, dəymiş zərər geri dönməz olacaq. Adının açıqlanmasını istəməyən avropalı rəsmi nəşrə bildirib ki, indi Qrenlandiya ətrafındakı ixtilaflarla bağlı "çox böyük məyusluq və peşmanlıq" yaranıb və bu, ABŞ-ın Ukrayna ilə bağlı səylərinə nə dərəcədə etibar etmək olar mövzusunda müzakirələrə çevrilib.

"ABŞ-a olan inam və etibarın itirilməsi çox dərindir. Buna görə də, Ukrayna üçün təhlükəsizlik zəmanətləri Konqres tərəfindən ratifikasiya olunmayana qədər, Trampın hər hansı vədini və ya öhdəliyini ciddi qəbul etmək çətin olacaq", – rəsmi izah edib.

Nəşr əlavə edib ki, bu həftə Ukrayna üzrə keçirilən görüşlərin Kreml tərəfindən artıq rədd edilmiş təkliflərdən başqa yeni bir şey gətirib-gətirməyəcəyi bəlli deyil. Üstəlik, Zelenski Davosda Trampla "yaxşı görüşünün" keçdiyini desə də, bir çox məsələnin çıxılmaz vəziyyətə düşməsindən gileylənib.

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Davosda bildirib ki, Ukrayna üzrə danışıqlar tək bir sual ətrafında cəmlənib, lakin onun hansı sual olduğunu dəqiqləşdirməyib.

Qərb kəşfiyyatı Vladimir Putinin müharibəni dayandırmağa hazır olmadığını göstərsə də, Uitkoff hələ də Kreml rəhbəri ilə kompromisə nail olmaq imkanına nikbin yanaşır. Bununla belə, Trampın komandası Ukraynanı guya böyük iqtisadi mənfəətlərlə şirnikləndirərək Kremlə qarşı sərt güzəştlərə getməyə məcbur etməyə çalışır.

Zelenski Davosda bu vəziyyətə cavab verib. O vurğulayıb ki, ABŞ və Avropa Rusiyaya daha çox təzyiq göstərməyə hazır olmalıdırlar:

"Rusiyalılar kompromisə hazır olmalıdırlar. Təkcə Ukrayna deyil, hər kəs hazır olmalıdır", – deyə dövlət başçısı qeyd edib.

Xatırladaq ki, yanvarın 15-də Putin Ukraynadakı müharibənin mümkün qədər tez bitməsinə nail olmağın vacibliyini bildirsə də, "ardıcıl olaraq öz məqsədlərinə nail olmağa davam edəcəyini" demişdi.

Yanvarın 22-də Moskvada Putinlə görüşdən sonra Uitkoff və Trampın kürəkəni Cared Kuşner, müharibənin başlanğıcından bəri Amerika, Rusiya və Ukrayna danışıqçıları arasında keçiriləcək ilk üçtərəfli danışıqlar üçün Əbu-Dabiyə yola düşəcəklər.

Alpər
--> -->