Qrenlandiyada məskunlaşan vikinqlərin əsrlər əvvəl Şimali Atlantikdəki yaşayış məntəqələrini niyə qəfil tərk etməsi uzun illər alimləri düşündürən suallardan biri olub. İndiyədək onların XV əsrin əvvəllərində kəskin soyuqlar səbəbindən bölgəni tərk etdikləri qəbul edilirdi. Lakin "Science Advances” jurnalında dərc olunan yeni araşdırma göstərir ki, əsas səbəb sərt soyuqlar deyil, uzunmüddətli su qıtlığı olub.
Qaynarinfo xəbər verir ki, tədqiqatçılar əvvəlki araşdırmalardan fərqli olaraq iqlim göstəricilərini uzaq buzlaqlardan deyil, birbaşa vikinqlərin qədim təsərrüfatlarının yerləşdiyi ərazidəki gölün dib çöküntülərindən əldə ediblər. ABŞ-nin Massaçuşetts Amherst Universitetinin alimləri son 2 min ilin iqlim tarixini təhlil edərək müəyyən ediblər ki, vikinqlərin Qrenlandiyada yaşadığı təxminən 400 il ərzində temperaturda ciddi dəyişiklik baş verməyib. Əsas problem yağıntıların azalması və quraqlıq olub.
Quraqlıq təsərrüfatı çökdürüb
Yağıntıların tədricən azalması heyvandarlığa əsaslanan koloniya iqtisadiyyatını ağır vəziyyətə salıb. Qrenlandiyanın sərt qış şəraitində fermerlər mal-qaranı aylarla tövlədə saxlayırdılar. Yaz gəldikdə isə aclıqdan taqətdən düşən heyvanları otlaqlara qucaqlarında aparmaq məcburiyyətində qalırdılar.
Quraqlıq nəticəsində otlaqlar quruyub, ot və saman məhsuldarlığı kəskin azalıb. Bu isə heyvanların qış boyunca yemlə təmin edilməsini demək olar ki, mümkünsüz edib.
Dənizdə artan risklər və ticarətin dayanması
Ərzaq qıtlığı dərinləşdikcə icmanın bir hissəsi dolanışığını təmin etmək üçün açıq dənizdə ovçuluğa üz tutub. Lakin dəniz məməlilərinin ovlanması həm böyük təhlükə yaradır, həm də sabit qida təminatı vermirdi.
Eyni zamanda dəniz buzlarının artması Avropa ilə aparılan ticarəti də demək olar ki, tamamilə iflic edib.
Nəticədə su ehtiyatlarının azalması, iqtisadi tənəzzül və sosial problemlərin birləşməsi vikinqləri eramızın 985-ci ildə saldıqları Şərq Məskənini tamamilə tərk etməyə məcbur edib.
Aydın
Şərhlər