Xəbər lenti

Roma Papasının ilk xarici səfəri - Niyə Türkiyə?
Dünya 13:22 28.11.2025

Roma Papasının ilk xarici səfəri - Niyə Türkiyə?

"Roma Papasının ilk xarici səfərini Türkiyəyə etməsi, Yaxın Şərqdə, Türkiyənin yaxın ətrafında baş verən proseslərlə birbaşa bağlıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Roma Papası XIV Levin ilk xarici səfərinin müsəlman ölkəsi olan Türkiyəyə olmasını şərh edərkən deyib. 

"Türkiyənin ətraf bölgəsində - xüsusilə Suriyada davam edən hadisələr, Şərqi Aralıq dənizi hövzəsində dəyişən balanslar və regional güclərarası münasibətlər - bütün bunlar qardaş ölkənin geosiyasi əhəmiyyətini daha da artırır", deyə Azər Hüseynov bildirib.
 


Bu əsasda həmsöhbətimiz düşünür ki, Roma Papası uzun illərdən bəri ilk səfərini bir müsəlman ölkəsinə edirsə, deməli, həmin hadisə bölgədə ciddi siyasi proseslərin getdiyinə və beynəlxalq diqqətin yenidən Türkiyə üzərinə fokuslandığına işarədir:

"Roma Papası kiçik bir dövlətin formal başçısı sayılsa da, onun mənəvi və siyasi təsir dairəsi kifayət qədər genişdir. Bu səfərin məhz Türkiyəyə olması, ölkənin həm regional, həm də qlobal siyasətdə oynadığı rolun artmasına işarədir. Görünən odur ki, yaxın dönəmdə Türkiyənin içində olduğu proseslər, eləcə də bu ölkənin ətrafında baş verən siyasi və təhlükəsizlik dəyişiklikləri daha da intensivləşəcək. Bu isə bölgədə yeni güc balanslarının formalaşdığını göstərir".

Qeyd edək ki, Roma Papası XIV Lev hazırda Türkiyədə səfərdədir. Bu onun Vatikana rəhbər seçildikdən sonra ilk xarici səfəridir. Roma Papası bunun ardınca Livana səfər edəcək.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->