Xəbər lenti

Romalılar
Dünya 16:04 12.12.2025

Romalılar "barbar" torpaqlarında dəhşətli izlər buraxıb - Alimlər

Roma imperiyası çox vaxt tərəqqi, urbanizasiya və mədəni dəyişikliklərlə əlaqələndirilir, lakin yeni elmi araşdırma Romanın "tərəqqi” gətirdiyi ərazilərdəki qaranlıq tərəfi üzə çıxarır. Dəmir dövrü və Roma dövrünə aid yüzlərlə skeleti təhlil edən alimlər müəyyən ediblər ki, romalıların Britaniya adalarını işğal etməsi yerli əhalinin sağlamlığının ciddi şəkildə pisləşməsinə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Antiquity” jurnalında dərc olunan araşdırmada bildirilir.

Roma işğalı Britaniyada eramızın 43–410-cu illəri arasında davam edib. Bu müddətdə bölgə köklü dəyişikliklərə məruz qalıb: urbanizasiya genişlənib və bununla birlikdə yeni xəstəliklər, əhali sıxlığı və sosial bərabərsizlik artıb. Araşdırmanın müəllifi, Ridinq Universitetindən Rebekka Pitt qeyd edir ki, Roma Britaniyasında əhalinin sağlamlıq səviyyəsi əvvəlki "barbar" dövrü ilə müqayisədə daha aşağı olub.

Tədqiqat 646 skeletin analizinə əsaslanır. Onlar İngiltərənin cənub və mərkəzi bölgələrindən tapılıb və eramızdan əvvəl IV əsrdən eramızın IV əsrinə qədərki dövrü əhatə edir. Alimlər sümüklər və dişlərdə stress göstəricilərini – emal qüsurlarını, metabolik xəstəlikləri (məsələn, raxit, C və D vitamini çatışmazlığı), infeksiyaları (tuberkulyoz, osteomielit), anemiyanın göstəricisi olan cribra orbitalia izlərini və böyümənin ləngiməsini araşdırıblar.

Nəticələr göstərib ki, Roma hakimiyyəti dövründə şəhər əhalisinin sağlamlıq vəziyyəti kənd yerləri ilə müqayisədə, həmçinin Roma öncəsi dövrlə müqayisədə xeyli pis olub. Uşaqlar arasında patologiya göstəriciləri Roma öncəsi dövrdə 26 faiz təşkil edirdisə, Roma dövrünün kənd yerlərində 41 faizə, şəhərlərdə isə 61,5 faizə yüksəlib. Yetkin qadınlarda bu göstərici şəhər yerlərində 81,1 faizə qədər çatıb (Roma öncəsi dövrdə 62,1 faiz idi).

Araşdırmanın müəllifi bu dəyişiklikləri belə izah edir: Roma şəhərləri sıx məskunlaşmışdı, lakin müasir sanitariya yanaşmasına malik deyildi. Həmçinin urbanizasiya olunmuş mərkəzlərdə yoxsulluq daha geniş yayılmışdı, halbuki kənd icmaları daha çox zülal tərkibli qida rejimini qoruyub saxlayırdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->