Xəbər lenti

Rusiya Ermənistanda hərbi çevriliş edə bilərmi? (ŞƏRH)
Dünya 13:34 01.04.2026

Rusiya Ermənistanda hərbi çevriliş edə bilərmi? (ŞƏRH)

Son dövrlərdə Rusiya mediasında belə iddialar səsləndilir ki, Ermənistanda keçiriləcək parlament seçkilərində Nikol Paşinyanın komandası yenidən qalib gələrsə, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası müəyyən formada proseslərə müdaxilə edə bilər.

Əslində, bu, yalnız informasiya spekulyasiyası deyil, həm də daha geniş geosiyasi kontekstin əksidir. Bu yanaşmalar regionda güc balansı, təsir uğrunda rəqabət və Ermənistanın xarici siyasət kursu ətrafında gedən mübarizənin tərkib hissəsi kimi qiymətləndirilməlidir. 

Məsələnin hüquqi tərəfi kifayət qədər aydındır. Ermənistanla Rusiya arasında imzalanmış sazişlərə əsasən, 102-ci hərbi baza Ermənistanın təhlükəsizliyinin təmin olunmasına xidmət edir və onun daxili siyasi proseslərə müdaxilə səlahiyyəti yoxdur. Bu baxımdan, hər hansı birbaşa hərbi müdaxilə nəinki beynəlxalq hüququn, həm də ikitərəfli öhdəliklərin pozulması anlamına gələrdi. Belə bir addım faktiki olaraq klassik mənada hərbi çevriliş və ya xarici müdaxilə kimi qiymətləndirilə bilər ki, bu da həm regionda, həm də beynəlxalq müstəvidə ciddi nəticələr doğura bilər. 

Bununla belə, geosiyasi reallıqlar formal hüquqi çərçivələrlə hər zaman üst-üstə düşmür. Əgər Ermənistanda seçki sonrası vəziyyət kəskin siyasi böhrana çevrilərsə - kütləvi etirazlar, idarəetmə boşluğu və ya daxili qarşıdurma yaranarsa - bu halda Moskva "sabitliyi bərpa etmək” və "müttəfiq ölkədə təhlükəsizliyi qorumaq” arqumentləri ilə daha aktiv rol almağa cəhd göstərə bilər. Bu kontekstdə Rusiya vətəndaşlarının müdafiəsi amili də tez-tez istifadə olunan legitimləşdirici vasitədir. Məsələn, Samvel Karapetyan kimi fiqurlar ətrafında formalaşdırılan rəy potensial müdaxilə üçün siyasi əsas kimi təqdim oluna bilər. Ancaq praktik müstəvidə ən real ssenari açıq hərbi müdaxilə deyil. 

Müasir beynəlxalq münasibətlərdə böyük güclər daha çox "hibrid təsir” alətlərindən istifadə edir. Bu isə özünü informasiya müharibəsi, media üzərindən rəyin formalaşdırılması, yerli siyasi qüvvələrin dolayı dəstəklənməsi və sosial-siyasi proseslərə qeyri-rəsmi təsir mexanizmləri vasitəsilə göstərir. Bu mənada "102-ci baza seçkilərə qarışır” kimi iddialar çox vaxt birbaşa hərbi ssenaridən çox, məhz bu tip dolayı təsirlərin şişirdilmiş interpretasiyası olur. 

Açıq müdaxilə ehtimalının aşağı olmasının səbəbləri də kifayət qədər rasionaldır. Belə bir addım Ermənistanın suverenliyinin açıq  pozulması ilə yanaşı, beynəlxalq səviyyədə ciddi siyasi böhran yaradar, Qərb–Rusiya qarşıdurmasını daha da dərinləşdirər və Moskvanın regional mövqelərinə əlavə təzyiq formalaşdıra bilər. Bu səbəbdən Rusiya, adətən, birbaşa hərbi addımlardan çox, daha elastik, inkar edilə bilən və siyasi baxımdan daha az riskli alətlərə üstünlük verir. 

Nəticə olaraq demək olar ki, Gümrüdəki 102-ci hərbi bazanın seçki proseslərinə birbaşa müdaxiləsi yalnız ekstremal şəraitdə – dərin siyasi böhran, təhlükəsizlik vakuumu və ya Ermənistanın geosiyasi kursunda kəskin dönüş halında mümkün ola bilər. Digər bütün hallarda isə təsir daha çox dolayı, çoxqatlı və hibrid  xarakter daşıyacaq. Bu isə regionda baş verən proseslərin yalnız hərbi deyil, həm də informasiya və siyasi müstəvidə  izlənilməsinin vacibliyini göstərir.

Siyasət şöbəsi

--> -->