"Qrenlandiyanı əldə etmək məsələsində ABŞ qərarlıdır və kiçik həcmli əməliyyatın keçirilməsi də daxil olmaqla, istənilən vasitədən istifadə etməklə, yaxınlarda bu istiqamətdə fəaliyyətə keçəcək".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamasını şərh edərkən deyib.
Ekspert qeyd edir ki, Tramp Qrenlandiya məsələsində israrlı olduğunu göstərir:
"Artıq Qrenlandiyanı almaqla bağlı qərar qəbul edib. İndi isə adanın hansı yolla ABŞ-ın nəzarəti altına keçməsilə bağlı fikir mübadiləsi aparılır. Tramp çalışır ki, bu məsələni hakimiyyətdə olduğu dövrdə başa çatdırsın. Məhz buna görə də Tramp indi də adanı nəzarətə almağın yolları ilə bağlı müxtəlif versiyaları gündəmə gətirir. Bu mənada hərbi yola əl atılması da istisna edilmir.
Digər məsələ isə dinc yol, daha doğrusu, Qrenlandiya əhalisinin pulla ələ alınmasıdır. Ona görə də Vaşinqton ABŞ-a birləşməyə tərəfdar olmaları üçün hər qrenlandiyalıya 100 min dollar vəd edib. ABŞ-ın bu yollardan hansını seçəcəyi hələlik məlum deyil. Sadəcə o məlumdur ki, Tramp Qrenlandiya məsələsində tamamilə ciddidir".
Politoloq bildirir ki, Venesuela olayı da ABŞ prezidentinin Qrenlandiya məsələsində fikrinin qəti olduğunu göstərir:
"Tramp sadəcə Venesuela ilə bağlı hadisələrin bir qədər sakitləşməsini gözləyir. Venesuelada atdığı addımın doğruluğunu dünya ictimaiyyətinə sübut etdikdən sonra, Vaşinqton Qrenlandiya məsələsində də hərəkətə keçəcək. Bu məsələdə də Trampın ildırım sürətli kiçik hərbi əməliyyat keçirəcəyi istisna deyil".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Venesueladan sonra diqqətini Qrenlandiyanı ələ keçirməyə yönəldib. Ağ Ev rəhbəri bildirib ki, ABŞ Qrenlandiya ilə bağlı "nəsə etmək” istəyir, əks təqdirdə adanı Çin və yaxud Rusiya ələ keçirəcək.
Bu əsasda Tramp qeyd edib ki, adaya sahib olmaq üçün asan yolla razılaşmaq istəyir. Eyni zamanda o, digər yolu da istisna etməyib və bildirib ki, "bunu asan yolla etməsək, çətin yolla edəcəyik”.
Ağ Ev sahibi sonda Rusiya və Çinə Qrenlandiyanı tutmağa imkan verməyəcəklərini diqqətə çatdırıb:
"Ona görə də Qrenlandiya ilə bağlı ya sülh yolu, ya da daha sərt vasitələrlə nəsə edəcəyik”.
Rüfət Sultan
Şərhlər