Xəbər lenti

Rusiyada miqrantlar üçün
Dünya 15:18 10.07.2025

Rusiyada miqrantlar üçün "işıqfor" sistemi: Azərbaycanlılar "qırmızı" siyahıya salınacaq?

"Rusiyada əmək fəaliyyətilə məşğul olan azərbaycanlı miqrantların "qırmızı" siyahıya aid ediləcəyini düşünmürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov rusiyalı deputat Mixail Matveyevin Rusiyadakı miqrantların hansı ölkələrdən olmasına uyğun törətdikləri cinayətlərin sayına görə "qırmızı", "sarı" və "yaşıl" zonalara bölünməsi təklifini şərh edərkən deyib.

"Məsələyə ədalətli yanaşılsa, azərbaycanlılar tərəfindən Rusiyada törədilən cinayət hadisələrinin statistikası çox aşağıdır. Hətta soydaşlarımızın sarı qrupa aid ediləcəyini də düşünmürəm", deyə Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, son hadisələr fonunda Rusiyada miqrantlarla bağlı qanunvericiliyin sərtləşdirildiyini görürük:



"Qanunsuz miqrasiya ilə mübarizə şüarı altında Moskva daha sərt şəkildə ayrı-ayrı miqrant qrupları üzərinə gedir. Bunu da onunla əsaslandırır ki, həmin miqrant qrupları bu və ya digər formada kriminal hadisələrin baş verməsində iştirak edirlər. Hətta dövriyyəyə etnocinayətkarlıq deyilən termini də daxil ediblər. Bu istiqamətdə müxtəlif Rusiya rəsmiləri tərəfindən zaman-zaman yeni mübarizə üsullarının tətbiqi də təklif olunur. Deputat Matveyevin bu təklifi "işıqfor" prinsipinə əsaslanır. Yəni o, müxtəlif ölkələrdən gələn əcnəbilərin əmək fəaliyyətinə cəlb olunmasını hansısa bir bölgü prinsipinə uyğun həyata keçirilməsini təklif edir. Statistik göstəricilərə görə, hansı ölkələrdən gələn miqrantlar cinayət hadisələrinin törədilməsində daha çox iştirak edirsə, onlar "qırmızı" qrupa ayrılacaqlar. Təklifdə də məhz bu kateqoriyadan olanların əmək fəaliyyətinə cəlb olunmasının qadağan edilməsi göstərilir. "Sarı" qrupa salınanlara münasibətdə isə nisbətən az qadağa tətbiq olunacaq. Bu zaman yəqin ki, törədilən cinayətin növünü də nəzərə alacaqlar. "Yaşıl" qrupa aid edilən dövlətlərin vətəndaşlarının Rusiya ərazisində əmək fəaliyyətinə cəlb olunması üçün isə hər hansı bir qadağa olmayacaq".



Ekspertə görə, bu addım süni şəkildə ayrıseçkliyə dəlalət edən addım kimi dəyərləndirilə bilər: 

"Bu da çox böyük məhdudiyyətlərin tətbiqinə gətirib çıxara bilər. Rusiyada əmək fəaliyyətilə məşğul olanlar arasında Özbəkistan, Tacikistan və Qazaxıstandan olan miqrantlar üstünlük təşkil edir. Səhv etmirəmsə, "qırmızı" qrup əsasən bu dövlətlərdən olan miqrantlara aid ediləcək. Fərz edək ki, hansısa bir Mərkəzi Asiya ölkəsindən olan miqrantlar il ərzində faiz nisbətilə daha ağır cinayətlərdə iştirakçı olub. Amma belə çıxır "qırmızı" siyahıya daxil edilən ölkədən gələn yüzminlərlə miqrant Rusiyada əmək fəaliyyətilə məşğul olmaq imkanını itirəcək".

Deputat bu təklifin reallaşacağını da düşünmür:

"Yeniliklərin daha ağır formata tətbiqi əlavə narahatlıq və narazılığa gətirib çıxarır. Bu addım həm də Rusiya əmək bazarına ciddi zərbə olacaq.  
Rusiyada statistikanı dilə gətirmədən baş verən cinayət hadisələrində əksər hallarda miqrantları ittiham edirlər. Amma 2013-2023-ci illər üzrə statistikada mühakimə olunmuş əcnəbilərin sayı ümumi mühakimə olunanların sayının cəmi 4-4,5 faizini təşkil edir. Yəni əcnəbilər tərəfindən törədilən cinayətlər deyildiyi kimi heç də çoxluq təşkil etmir. Hətta Rusiya vətəndaşları tərəfindən törədilən cinayətlər ağırlıq dərəcəsinə görə əcnəbilərin anoloji cinayətlərilə müqayisədə 4,5 dəfə çoxdur. Çox ağır cinayətə görə mühakimə olunan Rusiya vətəndaşının sayı yüz min nəfərə nisbətdə 172 nəfər olub. Bu göstərici əcnəbi miqrantlarda cəmi 43 nəfərdir. Ona görə də düşünürəm ki, burada bəzi siyasi dairələr siyasi manipulyasiyaya əl atırlar".



Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyev miqrantları filtrdən keçirməyin yeni üsulunu - "işıqfor" prinsipindən istifadə etməyi təklif edib. Bu barədə o, "Tsarqrad” telekanalına müsahibəsində danışıb.

Onun fikrincə, fabriklərdə və tikinti sahələrində məqsədyönlü şəkildə əcnəbi işçilərin işə götürülməsini təşkil etmək olar, lakin miqrantların əksəriyyəti xidmət sektoruna girib "kuryer, taksi sürücüsü və ya başqa qeyri-adi işlərdə” işləməyə çalışırlar ki, onlara nəzarət etmək daha çətin olacaq.

"Ona görə də bütün mənşə ölkələr, bu ölkələrdən olan insanların törətdiyi cinayətlərin sayına görə "qırmızı", "sarı" və "yaşıl" zonalara bölünməlidir. Məqsədli işə qəbul "yaşıl" ölkələrdən gələnlərə şamil oluna bilər. Amma bu məsələ bizim iş adamları tərəfindən nəzərə alınmır", deyə deputat bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->