Xəbər lenti

Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi: Azərbaycanlıları nə gözləyir?
Ekonomiks 14:22 28.11.2025

Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi: Azərbaycanlıları nə gözləyir?

Rusiyada miqrantlara qarşı yeni qanun layihəsi hazırlanır. Layihə Rusiya Liberal-Demokrat Partiyası (LDPR) tərəfindən səsləndirilib. Partiya miqrantların qeyri-qanuni fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə pnevmatik silahların, elektroşokların, qaz və digər spreylərin satışının qadağan edilməsi təklifi ilə çıxış edib. Sözügedən qanun lahiyəsi yaxın günlərdə Dövlət Dumasına təqdim olunacaq. Bu təklif qüvvəyə minərsə, azərbaycanlı miqrantları hansı çətinliklər gözləyir və onlar vəziyyətdən necə çıxa bilər?

Milli Məclisin deputatı Azər Allahverənov Qaynarinfo-ya açıqlamasında bildirib ki, burada əsas hədəf qanunsuz miqrasiyanın qarşısının alınmasıdır:

"Bu kimi qadağaları təklif edən siyasi mərkəzlər, yaxud da partiyalar müəyyən vəziyyəti dəyərləndirib və onların əsasında müvafiq qaydada əsaslanma etməklə bu və digər formada qadağaların tətbiq olunması təklifi ilə çıxış edirlər. Ola bilər ki, Rusiya Liberal-Demokrat Partiyasının hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumat var. Bu məlumata görə, məhz qeyri-qanuni miqrat olan şəxslərin təklif olunan vasitələrdən istifadə etməsi hansısa formada ictimai asayişin pozulmasına gətirib çıxarır. Bu bir, yaxud da iki fakt deyil. Adətən bu məsələlər statistik nöqteyi-nəzərdən müəyyən həddə çatdıqda aktuallığı ilə üzə çıxır. Yəqin ki, partiya bunu dəyərləndirib və qeyd olunan vasitələrin satışının dayandırılması təklifi ilə çıxış edib".
 


Deputat hesab edir ki, miqrant real olaraq qanunsuzdursa, qeyri-qanuni əsaslarla ölkə ərazisində yaşayırsa, həmin vasitələri əldə edə bilməz:

"Bununla da miqrantın statusunun leqallaşdırılması tələb olunur. Miqrant həqiqətən də hansısa səbəblərdən, ya şəxsi təhlükəsizlik və ya digər səbəblərdən həmin vasitələri əldə etmək niyyətindədirsə, onda bu bir başa gəlib çıxır qanunsuz miqrantın statusunun leqallaşdırıması məsələsinə. İstəlinən halda ölkədə qanunsuz miqrasiya ilə mübarizədə genişmiqyaslı işlər həyata keçirilməkdədir. Miqrantın qanunsuz qalmasının mümkünsüz olması ilə yanaşı, həm də onu məhz ya ölkə ərazisini tərk etməsinə və ya statusunun leqallaşdırımasına vadaretmə elementləri daha çox qabarıq şəkildə biruzə verir. Məsələn, ölkə ərazisində miqrant hətta qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olursa, ailə üzvlərini yanına aparmaq üçün həm də ailə üzvlərinin əmək fəaliyyəti ilə məşğul olması tələb olunur. Söhbət əmək qabiliyyətli olan şəxlsərdən gedir. Həmin şəxsə ölkə ərazisində qalması üçün icazə verilir. Bütün bu məsələlər onu göstərir ki, istəlinən halda müxtəlif siyasi dairələr sanki bir yarışa çıxırlar. Kim daha çox bu məsələdə təkliflə çıxış edəcək və s. Bu, həmin siyasi partiyaların proqramlarında təsdiq olunmuş bir məsələdir".

Azər Allahverənov əlavə edib ki, Rusiya üçün bu gün qanunsuz miqrasiya ilə mübarizə sahəsi olduqca aktualdır:

"Ölkə ərazisində kifayət qədər çoxsaylı qanunsuz miqrantın yaşadığı bildirilir. Düzdür, son bir il ərzində həyata keçirilən tədbirlər nəticəsində ciddi azalma müşahidə olunur. Amma yenə də Rusiyanın, xüsusi ilə də Şərq hissəsində kifayət qədər miqrantın olduğu bildirilir. Həm də bu məsələ müstəqil ekspertlər tərəfindən dilə gətirilir. Bu o deməkdir ki, biz zaman-zaman qanunsuz miqrasiya ilə mübarizə sahəsində yeni-yeni qadağaların tətbiq ediləcəyini və ən azından təklif şəkilində irəli sürüləcəyini və sonrakı mərhələdə tətbiq ediləcəyinin şahidi olacağıq".

Bu qadağaların azərbaycanlı miqrantlara təsirinə gəlincə, deputat bildirib ki, məsələnin bilavasitə bizimlə miqrantlarla bağlı olduğunu düşünmür:

"Qanunsuz miqrasiyaya qarşı yönələn təklifdir. Və əgər azərbaycanlılar qanunsuz miqrant qismində Rusiya ərazisində yaşayırsa, bunu özü üçün bir cıxılmaz vəziyyət kimi görürsə, yaxşı olar ki, onlar istəlinən halda müəyyən olunan qaydalara uyğun davransınlar. Nəticə etibarı ilə öz statusunu leqallaşdırmağa çalışmalı, ya da ölkə ərazisini tərk etməlidir. Belə olanda şəxsin başqa çarəsi qalmır".

Deputat qanunsuz miqrantlarla bağlı leqallaşdırma üçün imkanların o qədər də geniş olmadığını vurğulayıb:

"Çünki inzibati tənbeh və s. həmin şəxslə bağlı tətbiq oluna bilər. Ona görə də ən optimal variant ölkə ərazisinin tərk edilməsidir. Əgər onun girişinə məhdudiyyətlər qoymurlarsa, ölkə ərazisinə daxil olub öz statusunu bir növ sıfırlamaqla yenidən leqal şəkildə ölkə ərazisində qalmağa çalışa bilər. Bu təklifin qanun layihəsi şəkilində müzakirəyə çıxarılıb qəbul edilməsi düşünmürəm ki, azərbaycanlı miqrantların mövcud vəziyyətinə təsir edə biləcək təklifdir. Hesab edirəm ki, Rusiyada yaşayan qanunsuz miqrantlar arasında azərbaycanlılar heç ilk beşliyə də daxil deyil".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->