Avropa İttifaqı ölkələrinə səyahət edən sərnişinlər sentyabr ayından etibarən pasport nəzarətində daha uzun növbələrlə qarşılaşa bilərlər. Mütəxəssislər xəbərdarlıq edirlər ki, "EES" (Giriş/Çıxış Sistemi) ilə bağlı tətbiq olunan müvəqqəti güzəştlərin ləğvi sərhəd-keçid məntəqələrində sıxlığı artıra bilər.
Qaynarinfo xəbər verir ki, "The Mirror" nəşrinin məlumatına görə, "EES" sistemi 2026-cı ilin aprelindən etibarən Şengen zonasına daxil olan üçüncü ölkə vətəndaşları üçün tam şəkildə tətbiq edilir. Sərnişinlər ilk giriş zamanı biometrik qeydiyyatdan keçməli, şəkil çəkdirməli və barmaq izlərini təqdim etməlidirlər.
Məhz bu prosedur artıq bir çox Avropa hava limanında pasport nəzarətində ciddi gecikmələrə səbəb olub. Bəzi turistlər növbədə saatlarla gözləyib, bəziləri isə reyslərini buraxıblar.
Sentyabrda nə dəyişəcək?
Hazırda Avropa İttifaqı ölkələrinə istisna hallarda, xüsusilə sərhəddə həddindən artıq uzun növbələr yarandıqda, "EES" yoxlamalarını müvəqqəti dayandırmağa icazə verilir.
Lakin Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi ("Frontex") bildirib ki, aviasiya sektorunun bu güzəştlərin uzadılması ilə bağlı müraciətlərinə baxmayaraq, 6 sentyabrdan sonra bu imkan qüvvədən düşəcək.
Nəticədə hava limanlarında pasport nəzarətindən keçərkən yenidən ciddi sıxlıq yarana bilər.
Sistem hələ də problemlərlə işləyir
Bəzi hava limanlarında yüksək yüklənmə səbəbindən avadanlıqların yenidən işə salınmasına ehtiyac yaranır.
"Air France-KLM" şirkəti "Politico" nəşrinə bildirib ki, yay mövsümündə sərnişin axınının pik dövrlərində Paris və Amsterdamdakı hava limanlarının fasiləsiz fəaliyyətini təmin etmək üçün sistem müvəqqəti olaraq söndürülür.
Oxşar problemlər Brüssel hava limanında da müşahidə olunur. Burada yeni sistem hələ tam gücü ilə işləyə bilmir.
Bundan əlavə, yaşlı sərnişinlərin barmaq izlərinin oxunması zamanı da çətinliklər yarandığı bildirilir.
"Ryanair" sərnişinlərə hava limanına erkən gəlməyi tövsiyə edir
"Ryanair"in baş icraçı direktoru "Maykl O'Liri" yeni Avropa İttifaqı qaydalarını tənqid etsə də, sərnişinlərin təyyarəyə minmə qapısına vaxtında çatmasının onların öz məsuliyyəti olduğunu vurğulayıb.
Onun sözlərinə görə, aviaşirkət gecikən sərnişinləri gözləməyəcək.
"Biz heç kimi gözləməyəcəyik. Bizim prioritetimiz minik başladıqda qapının qarşısında olan sərnişinlərdir. Minik başa çatdıqdan sonra qapıda deyilsinizsə, təyyarə sizsiz havaya qalxacaq”, deyə O'Liri bildirib.
Qeyd olunur ki, "EES" sistemi tətbiq edilməyə başlayandan bəri müxtəlif aviaşirkətlərin, o cümlədən "Ryanair"in yüzlərlə sərnişini pasport nəzarətində yaranan uzun gecikmələr səbəbindən reyslərini buraxıb.
Aydın
Şərhlər