Eduard Səid
Sənət 10:47 08.09.2020

Şərqi kim yaratdı; tanrılar, yoxsa Avropa?

Eduard Səid –  1935-ci ildə xristian ailəsində Yerusəlimdə doğulan ərəb əsilli intellektual. 1951-ci ildə Misirdə ingilis müstəmləkə məktəbindən qovulan Səid oxumaq üçün ABŞ-a gedib. Harvard məzunudur. 1963-cü ildən ABŞ-ın Kolumbiya universitetində dərs verməyə başlayıb. 

Ərəblərin "xain”, xristianların "faşist” adlandırdığı Eduard Səid 1978-ci ildə bu gün dünyanın bir çox dillərinə çevrilmiş "Orieantalizm” (Şərqşünaslıq) kitabını nəşr etdirib. Daha sonra "Fələstin problemi”, "Qış ruhu”, "Xəbər torunda islam” "Mədəniyyət və imperializm”, "İntellektual; Sürgün, Marginal, Əcnəbi” kimi bir çox kitabları yayımlanıb.  

25 sentyabr 2003-cü ildə 67 yaşında vəfat edib.

Qaynarinfo.az saytı Eduard Səidin "Orieantalizm” (Şərqşünaslıq) kitabını Aqşin Yeniseyin tərcüməsində yayımına başlayır.

Kitab ardıcıllıqla bu Blogda dərc olunacaq.


Eduard Səid 

Orientalizm 

Canet və İbrahim üçün

Giriş

I

1975-1976-cı illərdə Beyrutda dəhşətli vətəndaş müharibəsi günlərini yaşayan bir fransız jurnalist xarabalığa çevrilmiş köhnə şəhərin dağıntıları qarşısında təəssüf hissi ilə belə yazırdı: "Buralar vaxtilə Şatobrian və Nervalın bəhs etdiyi Şərqə… bənzəyirdi”. Yerli əhaliyə nəzərən düşünəndə jurnalist haqlı idi, ancaq o, çiyinlərində avropalı başı gəzdirirdi. Şərq qədim dövrlərdən bəri qəribə məxluqlarla dolu, heyrət doğuran xatirələr və mənzərələrlə zəngin, fövqəltəbii hadisələrlə bəzənmiş fantaziyalar dünyası olaraq avropalıların yaradıcılığı idi, ancaq o, artıq yox olmaq üzrəydi. Ömrünü başa vurub dəyişikliyə uğramışdı. Şatobrian və Nervalın təsvir etdiyi Şərqdə yaşayan insanlar üçün, bəlkə də, bu müşahidələrin o qədər də dəyəri olmayaqdı, çünki onlar indi də eyni dünyada yaşayırdıdlar və eyni əziyyətlərə düçar olurdular. Avropalı bir qonaq üçün vacib olan Şərqin Qərbdən görünən şəkli və bu gün yaşadığı taleyi idi. Hər iki mövzu ayrılıqda diqqətə alınmalıydı. Ancaq istər fransız jurnalist, istərsə də Fransa ictimai fikri milli perspektivdən kənara çıxa  bilməyəcəkdilər. 

Amerikalıların vəziyyəti fərqli idi: onlar Şərqi daha çox Çin və Yaponiyanın başçılıq etdiyi Uzaq Şərqlə birləşdirmək niyyətində idilər. Fransızlar və ingilislər, nisbətən ruslar, portuqaliyalılar, italyanlar və isveçrəlilər, uzun müddət "Şərq elmi: Şərqşünaslıq” adlandıracağım hadisənin içində yaşamışdılar. Bütün bu ölkələr Şərqi, Qərbi Avropanın gördüyü kimi təsəvvür edib onunla o cür hesablaşmışdılar. "Şərq elmi”, "Şərqşünaslıq” və ya "Orientalizm” bu hesablaşmanın adıdır. Şərq, sadəcə, Qərbin yaxın qonşusu deyil, bu bölgə eyni zamanda Avropanın ən böyük, ən zəngin və ən qədim müstəmləkələrini qurduğu bir bölgədir, həm də Avropa sivilizasiyalarının, dillərinin bünövrəsi buradadır. Bu bölgə eyni zamanda Avropanın mədəni opponenti; ilhamını yenə Avropadan alan böyük bir rəqibidir. Daha artığı... Şərq; fikirləri, xəyalları, xarakteri və təcrübələri ilə ziddiyyətlər yaratmaqla Avropanın (və ya Qərbin) təsvirini asanlaşdırır. Bütün bunlara baxmayaraq, bu Şərqlərin heç bir tərəfi uydurma deyildir. Şərq, Avropanın maddi mədəniyyətinin və sivilizasiyasının ayrılmaz hissəsidir. "Şərqşünaslıq” bu sivilizasiyanın mədəni və ideoloji baxımdan fərqli bir ifadə forması, söz xəzinəsi, təhsil və tərbiyə; inzibati bərabərlik, xəyallar və düşüncələr cəmi, doktrinalar və hətta müstəmləkə idarəçiliyi üçün tələb olunan bürokrat kadrlar və yerli hakimiyyət heyətidir. Mövzuya bu qədər geniş bir müstəvidə baxıldıqda Amerikasayağı baxış tərzi daha da dumanlı olur. Bununla yanaşı, amerikalıların yaşadıqları son Yaponiya, Koreya və Hindi-Çin sərgüzəştlərinin, onlara Şərq haqqında  daha rasional və daha realist bir həssaslıq bağışladığını söyləmək olar. Siyasi təsir və artan iqtisadi xüsuslar baxımından amerikalıların Yaxın və Orta Şərq adlandırdıqları bu ölkələrdə Şərq zəkası, hər halda, kifayət qədər hadisələri istiqamətləndirə biləcək. Amerikalılar belə bir ehtimalı gözdən qaçırmamalıdırlar.

Aşağıdakı məqam oxucular üçün aydın olmalıdır - bunu gələcəkdə daha aydın şəkildə göstərməyə çalışacağıq – "Şərqşünaslıq” sözü ilə mən çox şey demək istərdim. Məncə, bunların bəziləri digərlərini tamamlayır. Bu kəlmənin hamı tərəfindən qəbul olunan forması çox genişmiqyaslıdır. Əslində, bu etiket xeyli sayda ali təhsil nəzəriyyəsini əhatə edir. Şərq haqqında dərs verən, yazı yazan və araşdıran hər kəs "Şərqşünas”dır. Üstəgəl, ümumi və xüsusi mənada etnoloqları, sosioloqları, tarixçiləri və filoloqları da özlərinin elmi fəaliyyətləri ilə birlikdə şərqşünaslığa aid etmək mümkündür. Ancaq "Şərqşünaslıq” sözünü bu gün "Şərq elmləri” və ya "Şərq mədəniyyətləri” mövzusunda dərin araşdırmalar aparan mütəxəssislərin çox da bəyənməməsi də bir həqiqətdir, çünki bu insanlar XIX və ya XX əsrin əvvəllərinə qədər davam edən Qərbi Avropa müstəmləkəçilik tarixi kontekstində baxdıqlarında bu sözü çox dumanlı və çox mənasız görürlər.

Bununla yanaşı, kitablar yazılır, əsas mövzusu "Orient: Şərq” olan konfranslar təşkil edilir, köhnə və yeni görünüşü ilə şərqşünaslıq davam edir. Şərqşünaslıq köhnə üslubunu qorumasa da, tezis və doktrinalarını müdafiə edərək Şərqdə və Qərbdə yaşamaqdadır.

Araşdırmaları və ixtisaslaşmış heyəti ilə geniş məlumat xəzinəsinə sahiblənən ənənəvi şərqşünaslığı əlinizdəki bu əsərin mövzusu seçərkən ona daha da geniş anlayışlar əlavə etmək niyyətindəyik. "Şərq”i və ümumiyyətlə, "Qərb” i araşdırarkən, eksponatşünaslıqdan, ontologiya və elmi nəzəriyyələrdən, epistemologiya kimi elmi düşüncələrə əsaslanan elm sahələrindən yararlanacağıq. Eyni zamanda, Şərqi öz mövzuları arasına qatan bir çox yazar, şair, roman yazarları, filosof, siyasi nəzəriyyəçi, imperiya idarə edən dövlət xadimi bizim üçün mənbə rolu oynayacaq və onların irəli sürdükləri nəzəriyyələr, baxış bucaqları, romanları, cəmiyyəti maraqlandıran müşahidələri əsərimizə material olacaqdır. Şərq xalqları, adət-ənənələri, "düşüncəsi” və taleyi Esxil və Viktor Hüqo, Dante və Karl Marks kimi bir çox müəllifin əsərlərində öz əksini tapmışdır.

"Şərqşünaslıq”ın başqa bir istiqamətini də sözügedən məşhur  əsərlər təşkil edir ... Bu ön sözdə bir az tez olsa da bəzi metodoloji problemlərə toxunacağam və bu qədər geniş bir mövzuda "izahlar” axtaracağam. Universitet şərqşünaslığı ilə xəyali şərqşünaslıq arasında daimi bir mübadilə mövcuddur. Bu mübadilə XIX əsrin sonundan etibarən olduqca nizamlı, hətta konkret qaydalara bağlı olaraq sistemli şəkildə davam etməkdədir. Bu məqamda şərqşünaslığın üçüncü mənası ortaya çıxır... Bu məna ilk iki mənanın yanında daha tarixi və daha maddi ölçülərdədir. Əsas istiqamətləri ilə başlanğıc nöqtəsi olaraq XVIII əsrin sonuna diqqət yetirdikdə sözügedən Şərqşünaslıq, mövzusu Şərq olan bütün nəzəriyyələr, verilən bəyanatlar, qəbul edilən münasibətlər, söylənən bənzətmələr, bir növ, tədris, idarəetmə və ya hökumət formasıdır. Bir sözlə, bu növ şərqşünaslıq Qərbin öz üstünlüyünü qorumaq taktikasıdır, Şərq üzərində hakimiyyət qurmaq cəhdidir. 

Mişel Fukonun Archeologie de savoir: "Elmin arxeologiyası” və Surveiller et Punir: "Həbsxananın yaranışı” kitablarında ritorika ilə bağlı irəli sürdüyü fikirlər mənə bu şərqşünaslığı yaxşı tanımaqda kömək etdi. Bu məqamı xüsusi vurğulayıram: şərqşünaslıq ritorika ilə birlikdə düşünülmədikdə, Avropa mədəniyyətinin Şərqi idarə etmək, hətta onu yenidən canlandırmaq və siyasət, sosiologiya, hərb, ideologiya, elm və fantastika sahələrində onu istiqamətləndirmək üçün istifadə etdiyi inkişaf etmiş ölçüdə sistematik nizamın fərqinə varmaq mümkün deyil. Bundan əlavə, şərqşünaslıq o qədər güclü bir görünüşə sahibdir ki, fikrimcə, onun düşüncəyə və əmələ gətirdiyi sərhədləri dərk etməyənlər, o nöqtədə, heç olmasa, Şərqlə əlaqəyə girmədən Şərqşünaslığın nə tərifini verə bilərlər, nə də onu lazım olduğu kimi başa düşə bilərlər. Bir sözlə, Şərqşünaslıq ucbatından Şərq heç vaxt bir düşüncə mövzusu və sərbəst hərəkət sahəsi ola bilməyib. Ancaq bu, o demək deyil ki, Şərqşünaslıq Şərq haqqında deyiləcək hər sözü bir istiqamətli şəkildə məhdudlaşdıra bilər. Bu məsələ praktikada yarana biləcək qarşısıalınmaz maraqların toplusudur. "Şərq, amma necə?” Bu kitabda göstərməyə çalışacağım məqam budur... Xüsusən də bunu dərhal qeyd etmək istərdim ki, Avropa, sadəcə, görüntü olaraq qəbul etdiyi kiçildilmiş və təhrif olunmuş bir Şərq anlayışı ilə öz mədəniyyətini müəyyənləşdirmiş və möhkəmləndirmişdir.

Tarix və mədəniyyət baxımından, İkinci Dünya müharibəsindən sonra Amerikalıların meydana çıxmasından əvvəl, Şərqdəki ingilis və fransız irqlərinin cəhdlərində digər Atlantik ölkələrindən fərqli nöqtələr var. Bu fərqlilik kəmiyyətdə olduğu kimi, keyfiyyətdə də aydın görünür. Bu səbəbdən, Şərqşünaslıqdan bəhs etmək, ümumiyyətlə, Britaniya və Fransanın mədəni bir cəhdindən, bəzən hətta  insanların təsəvvürlərini aşa biləcək davranışlardan, Hind və bütün Şərq ölkələrinın yaşadığı dövrlər, müqəddəs kitablarda qeyd olunan ölkələr, ədviyyat ticarəti, müstəmləkələrdə istifadə olunan silahlar və uzun müstəmləkəçilik illəri, heyrətamiz elmi tədqiqatlar kitabxanası, Şərqşünaslıq mövzusunda saysız-hesabsız elm adamları, peşəkar şərqşünaslar çoxluğu, "Şərq” ideyalarının bir araya gəlməsindən doğan qarışıq bir mühit, Şərq despotizmi, Şərqin göz oxşayan gözəlliyi, Şərqin qəddarlığı; Şərqin həssaslığı kimi ziddiyyətli anlayışlar, saysız-hesabsız təriqətlər və məzhəblər, fəlsəfi cərəyanlar, Avropanın gündəlik həyatında istifadə edilməyə çalışılan Şərq hikməti və düşüncəsi kimi mövzularda danışmaq deməkdir. Bu siyahını sonsuza qədər uzatmaq mümkündür.

Kəsəsi, Orientalizm İngiltərə və Fransanın Şərqə münasibətdə incə bir həssaslığıdır. Bu kəlmə, ən azı, on səkkizinci əsrin əvvəllərinə qədər, sadəcə, Hindistan yarımadasını və İncildə adı keçən ölkələri əhatə edir. On doqquzuncu əsrin əvvəllərindən İkinci Dünya müharibəsindən sonrakı dövrə qədər Şərqin və Şərqşünaslığın yeganə hegemon gücləri Fransa və İngiltərə idi. Müharibədən sonra Şərqdə ABŞ önə çıxdı və məsələyə eynən ingilis və fransızların ənənəvi baxış bucağından baxdı. İngilis, fransız və ya Amerikalı; Qərbin bütün güclərini birləşdirən və böyük bir inadkarlıqla yaradıcılığına davam edən bu ortaqlığın ortaya qoyduğu bütün əsərlərə Orientalist əsərlər adını verirəm. 

Dərhal qeyd edim ki, bu əsərlərin və müəlliflərin böyük bir  qismini araşdırdım və bir o qədər əsəri də, sadəcə, kənara tulladım. Ortaya qoyduğum mətn və üzərində dayandığım elmi iş nə Şərqi maraqlandıran kitabların ümumi bir kataloqu, nə də Orientalizmin bütününü təşkil edən yazarların və fikirlərin ardıcıllığıdır. Mən metodoloji bir seçim apardım. Kitabımın əsas istiqamətləri, bir növ, ümumi tarixi baxışdır. Ön sözdə irəli sürdüyüm məsələləri indi daha geniş şəkildə təhlil edəcəyəm.

(ardı var)

Türkcədən uyğunlaşdıran Aqşin Yenisey