Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan "Məkkə Birgə Müdafiə Sazişi" imzalanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Məkkədə keçirilən Birgə Müdafiə Zirvəsinin yekununda yayılan ortaq bəyanatda bildirilib.
Məlumata görə, Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif avqustun 7-də krallığa səfər ediblər.
Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman Məkkədəki Səfa Sarayında hər iki lideri qəbul edib. Görüş çərçivəsində keçirilən Məkkə Birgə Müdafiə Zirvəsində üç ölkə arasında strateji tərəfdaşlıq, müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.
Zirvənin yekununda vəliəhd Məhəmməd bin Salman, Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Məhəmməd Şahbaz Şərif "Məkkə Birgə Müdafiə Sazişi"ni imzalayıblar.
Bəyanatda qeyd olunur ki, saziş üç ölkənin ortaq təhlükəsizliyinin gücləndirilməsinə, regionda və dünyada sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinə yönəlib.
Sənədə əsasən, tərəflərdən hər hansı birinə qarşı silahlı hücum bütün iştirakçı ölkələrə qarşı həyata keçirilmiş hücum kimi qiymətləndiriləcək. Bundan başqa, saziş müdafiə sənayesi, hərbi əməkdaşlıq və təhlükəsizlik sahəsində tərəflər arasında əməkdaşlığın daha da inkişaf etdirilməsini nəzərdə tutur.
Şərhlər