Hazırda dünyanın ən hündür binası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən 828 metrlik Bürc Xəlifədir. Lakin Səudiyyə Ərəbistanında tikilən yeni layihə bu rekordu geridə qoymağa hazırlaşır.
Qaynarinfo xəbər verir ki, "Geekweek Interia" nəşrinin yazdığına görə, Ciddə şəhərində inşa edilən "Jeddah Tower” hündürlüyü 1 kilometri keçən dünyanın ilk göydələni olacaq.
"Jeddah Tower” yaşayış mənzilləri, ofislər və müxtəlif xidmət sahələrini özündə birləşdirən "şaquli şəhər" konsepsiyası əsasında tikilir. Layihə üzrə nəzərdə tutulan 160 mərtəbədən 106-sı artıq tamamlanıb.
Tikinti başa çatdıqdan sonra bina təkcə dünyanın ən hündür göydələni olmayacaq, həm də 640 metrdən çox yüksəklikdə yerləşəcək dünyanın ən hündür müşahidə meydançasına sahib olacaq. Buradan Qırmızı dənizə panoramik mənzərə açılacaq.
Göydələnin hündürlüyü artıq 420 metri keçib
Layihənin müəllifləri "Adrian Smith + Gordon Gill Architecture” (AS+GG) memarlıq bürosudur. Büroya rəhbərlik edən Adrian Smit hazırkı rekordçu Bürc Xəlifənin da memarıdır.
"Jeddah Tower” layihəsinə 59 lift və təxminən 530 min kvadratmetr faydalı sahə daxildir. Binada müasir kondisioner sistemləri və sərt iqlim şəraitinə uyğunlaşdırılmış, enerjiyə qənaət edən fasadlardan istifadə olunur.
Göydələnin tikintisinə 2013-cü ildə başlanılıb. Lakin layihə müxtəlif səbəblərdən bir neçə dəfə dayandırılıb ki, bu da onun başa çatdırılacağı ilə bağlı şübhələr yaradıb.
Dönüş nöqtəsi 2025-ci ildə baş verib. Həmin ildən tikinti işləri fasiləsiz davam etdirilir və bina sürətlə yüksəlir. Bir neçə ay əvvəl 100-cü mərtəbənin tamamlanması qeyd olunmuşdu.
Hazırda tikinti 106-cı mərtəbəyə çatıb və binanın hündürlüyü təxminən 426 metrə çatıb. Mütəxəssislər hesab edirlər ki, işlərin hazırkı tempi qorunarsa, yaxın aylarda göydələnin hündürlüyü 500 metri ötəcək.
Şaquli şəhərlərin gələcəyi
"Jeddah Tower” gələcəyin şəhərsalma konsepsiyasının nümunələrindən biri hesab olunur.
Layihənin həmmüəllifi Qordon Gill "Arabian Business” nəşrinə müsahibəsində bildirib ki, gələcəkdə şəhərlər təkcə küçə səviyyəsində deyil, hava məkanında da fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, uçan taksilərin və pilotsuz uçuş aparatlarının geniş yayılması ilə bu cür hündür binalar hava nəqliyyatının əsas qovşaqlarından birinə çevriləcək.
Ciddədə inşa olunan bu nəhəng layihə Səudiyyə Ərəbistanının iqtisadiyyatın neftdən asılılığını azaltmağı hədəfləyən "Saudi Vision 2030” proqramının əsas layihələrindən biridir.
Şəhərin mərkəzində yerləşəcək "Jeddah Tower”in turizmin inkişafına, iqtisadi fəallığın artmasına və Səudiyyə Ərəbistanının beynəlxalq nüfuzunun möhkəmlənməsinə töhfə verəcəyi gözlənilir.
Göydələnin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.
Aydın
Şərhlər