Şotlandiya sahillərində XVII əsrə aid və milyonlarla funt sterlinq dəyərində xəzinə daşıdığı ehtimal olunan gəminin izlərinə rast gəlinib. Gəminin qalıqlarının aşkarlanması onilliklərdir davam edən axtarışlarda mühüm irəliləyiş hesab olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Söhbət 1633-cü ildə Kral I Çarlzın tacqoyma səfərinin bir hissəsi olan “Blessing of Burntisland” gəmisindən gedir. Gəminin uzun müddət əvvəl tamamilə itkin düşdüyü düşünülürdü.
Yeni sualtı skan texnologiyalarının tətbiqi nəticəsində axtarış qrupu gəmidən qalmış ola biləcək taxta parçası aşkar edib. Lakin mütəxəssislər hələlik bunun məhz “Blessing of Burntisland” gəmisinə aid olduğunu təsdiqləməyiblər.
Gəmi 1633-cü ildə batıb
“Blessing of Burntisland” 1633-cü ilin iyulunda I Çarlzın tacqoyma mərasimi zamanı Fife bölgəsindən Leytə doğru hərəkət edərkən Forth körfəzində güclü fırtınaya düşərək çevrilib.
Gəmidə olan 35 sərnişin və ekipaj üzvündən yalnız ikisi sağ qalıb. Gəminin göyərtəsində kral ailəsinə məxsus əşyalar və qiymətli əşyalar olduğu bildirilir.
Xəzinənin həmin dövrdəki dəyərinin təxminən 100 min funt sterlinq, bugünkü pulla isə təxminən 20 milyon funt sterlinq olduğu hesablanır.
Xəzinənin tərkibində VIII Henrixin sifarişi ilə hazırlanmış 280 hissədən ibarət qızıl və gümüşdən hazırlanmış yemək dəstinin də olduğu bildirilir.
Gəminin izləri 30 ildən sonra tapılıb
Həvəskar axtarışçılar təxminən 30 ildir gəminin qalıqlarını axtarırlar. Lakin Forth körfəzinin bulanıq suları səbəbindən yeni texnologiyalar tətbiq olunana qədər gəminin qalıqlarını aşkar etmək mümkün olmayıb.
Axtarış zamanı sualtı yeraltı radar və digər müasir skan üsullarından istifadə edilib. Nəticədə dənizin dibində gəmi qalıqlarına bənzəyən obyekt müəyyənləşdirilib.
Layihənin rəhbəri və Burntisland Heritage təşkilatının koordinatoru Ian Archibald bildirib ki, hazırda yalnız tarixi gəminin ola biləcəyi ərazi müəyyənləşdirilib:
“Biz tarixi bir gəminin yerini tapmış ola bilərik, lakin hələlik onun hansı gəmi olduğunu müəyyənləşdirməmişik”.
O bildirib ki, ərazidə əlavə və daha ətraflı araşdırmalar aparılmalıdır:
“Biz taxta nümunəsi götürmüşük. Lakin hazırda onun hansı gəmiyə aid olduğunu, hətta ümumiyyətlə gəmidən qaldığını belə bilmirik. Növbəti mərhələ radiokarbon tarixləndirməsi olmalıdır, lakin bu hələ həyata keçirilməyib”.
Kral I Çarlz gəminin batmasını öz gözləri ilə görüb
Tarixi məlumatlara görə, 60 fut (təxminən 18 metr) uzunluğunda olan gəmi I Çarlzın kral olduqdan sonra Edinburqa aparılan şəxsi əşyalarını daşıyırdı.
Kral öz gəmisi “Dreadnought”dan “Blessing of Burntisland”ın batmasını izləyib. Hadisədən sonra onun böyük narahatlıq keçirdiyi bildirilir.
Tarixi mənbələrə görə, I Çarlz gəminin batmasına səbəb olan fırtınanı cadugərlərin çağırdığına inanıb və bununla əlaqədar Lankaşirdə cadugərlikdə şübhəli bilinən 19 nəfərin edam edilməsinə göstəriş verib.
Bununla belə, gəminin fırtınadan əvvəl xəzinə ilə həddindən artıq yüklənməsi səbəbindən batdığı ehtimal olunur.
Xəzinənin taleyi necə olacaq?
Gəminin mümkün qalıqlarının aşkarlanması Böyük Britaniya hökumətinin “Receiver of Wreck” qurumuna bildirilib.
Gəmi və onun üzərindəki xəzinənin gələcək taleyində rəsmi mülkiyyətçi kimi Britaniya krallığının, həmçinin Şotlandiya hökumətinin və “salvor in possession” statusunda çıxış edən Burntisland Heritage təşkilatının rolu olacaq.
Əgər gəmi və xəzinə tam şəkildə aşkarlanaraq sudan çıxarılsa, qiymətli əşyaların Burntisland şəhərində yaradılması təklif olunan yeni muzeydə nümayiş etdirilməsi planlaşdırılır.
Günay
Şərhlər