Xəbər lenti

Dünya 17:10 05.08.2026

"SpaceX" raketinin Ayla toqquşması zəlzələyə səbəb ola bilər

Təxminən bir il yarım kosmosda hərəkətdə olan "Falcon 9" raketinin bir hissəsi çərşənbə günü təxminən saatda 8 700 kilometr sürətlə Ay səthinə çırpılıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" nəşri məlumat yayıb.

Söhbət 2025-ci ilin yanvarında iki özəl Ay eniş modulunu daşımaq üçün istifadə olunan raketin yuxarı pilləsindən gedir. Missiya başa çatdıqdan sonra raket pilləsi uzunmüddətli orbitdə qalsa da, Ayın cazibə qüvvəsinin təsiri nəticəsində tədricən hündürlüyünü itirərək onun səthinə yaxınlaşıb.

Hazırda alimlər bu toqquşmanın ciddi nəticələrə səbəb olacağını gözləmirlər. "NASA"nın hesablamalarına görə, hadisənin əsas nəticəsi Ay səthində təxminən 18 metr enində və 3,6 metr dərinliyində yeni kraterin yaranması olacaq.

Mütəxəssislər bildirirlər ki, hadisə Yer sakinləri üçün heç bir təhlükə yaratmır. Həmçinin Ayın özü üçün də əhəmiyyətli mənfi təsirlər gözlənilmir.

"NASA" hesab edir ki, toqquşmanın müşahidəsi Ay tozunun davranışını daha yaxşı öyrənməyə və Ayın geologiyası barədə əlavə məlumat əldə etməyə imkan verəcək. Bu məlumatlar gələcək elmi missiyalar üçün hazırlanacaq modellərin təkmilləşdirilməsinə kömək edə bilər.

Bununla yanaşı, "Newsweek" yazır ki, "Falcon 9" raketinin fraqmentinin Ay səthinə düşməsi ay zəlzələlərinə səbəb ola bilər. Lakin nəşr bu ehtimalla bağlı əlavə təfərrüatlar təqdim etməyib.

Daha əvvəl bildirildiyi kimi, təxminən 4,1 ton kütləyə malik raket pilləsinin Eynşteyn krateri yaxınlığında Ay səthinə çırpılacağı, nəticədə diametri təxminən 27 metr, dərinliyi isə 5 metr olan krater əmələ gətirəcəyi proqnozlaşdırılırdı.

Astronomlar həmçinin toqquşma zamanı qısa müddətli işıq parıltısının və onlarla dəqiqə görünə biləcək toz və qırıntı buludunun yaranacağını gözləyirdilər.

Mütəxəssislərin fikrincə, bu hadisə gələcək Ay bazaları üçün risk yarada biləcək kosmik tullantılar problemini yenidən gündəmə gətirib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->