XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?
Ölkə12:54 06.10.2026

Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?

Sumqayıtda ağlagəlməz oğurluq hadisəsi baş verib.

Qaynarinfo xəbər verir ki, bankomat qarşısında yaşlı qadına kömək etmək adı ilə yaxınlaşan şəxs əvvəlcə onun etibarını qazanıb. Qadın əlindəki bank kartını ona verib və kartın PIN kodunu deyib. Təqsirləndirilən şəxs kartı bankomata daxil edərək hesabdan 50 manat çıxarıb və pulla birlikdə qadına qaytarıb.

Lakin qadın bir neçə addım atdıqdan sonra həmin şəxs onu yenidən səsləyib. O, kartların səhv düşdüyünü deyərək öz bank kartını qadına verib. Kartların xarici görünüşünün eyni olması qadının buna inanmasına səbəb olub. Beləliklə, qadının bank kartı həmin şəxsdə qalıb.

O, qadının kartından istifadə edərək həmin gün bankomatdan 215 manat nağd pul çıxarıb. Daha sonra kartın hesabında qalan 3 manatla “Tamstore” marketdən siqaret alıb.

Hüquq-mühafizə orqanlarına müraciətdən sonra həmin şəxs saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq – özgənin əmlakının gizli şəkildə talanması) maddəsi ilə itiham irəli sürülüb. Cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb.

Məhkəmədə təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, dəymiş ziyanı ödəməyə maddi imkanının olmadığını və himayəsində azyaşlı övladının olduğunu bildirib.Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Bundan əlavə, Sumqayıt Şəhər Məhkəməsinin əvvəlki hökmü ilə təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən (əvvəlki hökm üzrə təyin edilmiş cəzanın yeni hökm üzrə cəza ilə qismən və ya tam birləşdirilməsi) hazırkı cəza ilə qismən toplanılıb.

Nəticədə onun barəsində 3 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilib.

Təqsirləndirilən şəxsin şübhəli şəxs qismində saxlanıldığı 2 gün cəzasından çıxılıb və üzərində qəti olaraq 3 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Seyid