
“Laləli” bağçalar şəbəkəsinin Sumqayıt şəhərində fəaliyyət göstərən filialında azyaşlı yıxılaraq xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, uşağın atası Yasin Yaqubov APA-ya açıqlamasında bildirib ki, azyaşlı Məhəmməd Yasinov oktyabrın 9-u, saat 17:00 radələrində bağçanın sürüşkənindən yıxılıb.
Nəticədə uşağın sol qolu iki yerdən sınıb.
Valideyn iddia edir ki, hadisədən sonra uşağa ilkin tibbi yardım göstərilməyib, təcili tibbi yardım çağırılmayıb və ailəsinə məlumat verilməyib. Onun sözlərinə görə, bağça əməkdaşları hadisə barədə yalnız uşağı götürməyə gələndə məlumat veriblər və qolunun əzildiyini bildiriblər.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınmayıb.
Şikayətçi bildirib ki, övladını həmin gün saat 21:20 radələrində Sumqayıt Şəhər Travmatologiya şöbəsinə aparıb. Rentgen müayinəsinin nəticəsində uşağın qolunda iki yerdə sınıq aşkarlandığı məlum olub.
Valideynin sözlərinə görə, oktyabrın 9-da saat 22:40 radələrində bağçanın təsisçisi və rəhbəri Lalə Əzimova onunla telefon əlaqəsi saxlayaraq baş verənlərə görə üzr istəyib, xəstəxana xərclərini və dəymiş ziyanı qarşılayacağını bildirib.
Şikayətçi qeyd edib ki, oktyabrın 11-də saat 13:00-da bağçada görüş keçirilib. Onun iddiasına görə, görüş zamanı Lalə Əzimova məsələni hüquqi müstəvidə həll etmələrini istəyib və “Gedin, hara şikayət edirsiniz, edin” ifadəsini işlədib. Valideyn, həmçinin görüş zamanı onların razılığı olmadan foto və videolarının çəkildiyini, söhbətin səs yazısının aparıldığını və kobud rəftar edildiyini iddia edib.
Şikayətçi məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
DİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qeyd olunan məsələ ilə bağlı vətəndaşın polisə müraciəti daxil olub. Hazırda ərazi polis orqanında təhqiqat araşdırması aparılır.
Hadisə ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, hələlik əlaqə saxlamaq mümkün olmayıb.