Xəbər lenti

Süni intellekt bazarında rəqabət yeni mərhələdə -
Texnologiya 12:08 15.07.2026

Süni intellekt bazarında rəqabət yeni mərhələdə - "OpenAI" liderliyini itirir?

"OpenAI"ın yaratdığı ChatGPT hələ də dünyanın ən populyar süni intellekt platformalarından biri olsa da, şirkətin bazardakı üstünlüyü tədricən azalır. Ekspertlər hesab edirlər ki, süni intellekt sahəsində rəqabət artıq təkcə ən güclü modeli yaratmaq uğrunda deyil, istifadəçilərə daha rahat və funksional məhsul təqdim etmək uğrundadır.

Qaynarinfo-nun "Pravda"ya istinadən məlumatına görə, 2023-cü ilin aprelində ChatGPT süni intellekt çat-botları bazarının 86 faizindən çoxuna nəzarət edirdi və demək olar ki, rəqibsiz idi. Lakin 2026-cı ilin martında platformanın qlobal bazar payı 50 faizdən aşağı düşüb, may ayında isə daha 4 faiz azalıb.

Məlumata əsasən, "Google"un "Gemini" və "Anthropic" şirkətinin "Claude" modeli istifadəçilər arasında sürətlə populyarlaşır. Hazırda Gemini-nin bazar payı 27,7 faizə, "Claude"un payı isə 10 faizə çatıb. ABŞ-da da ChatGPT-nin payı artıq 48 faizə qədər geriləyib.

Mütəxəssislər bildirirlər ki, bazardakı dəyişikliklərin əsas səbəbi istifadəçi tələbatının fərqlənməsidir. Əgər əvvəllər əsas üstünlük daha güclü süni intellekt modeli hazırlamaq idisə, indi sürət, rahat istifadə, qiymət və digər xidmətlərlə inteqrasiya daha vacib amillərə çevrilib.

Bu baxımdan "Google" üstün mövqedə hesab olunur. Çünki "Gemini" artıq "Gmail", "Google Sənədlər", "Chrome" və digər "Google" xidmətlərinə inteqrasiya edilib. İstifadəçilər ayrıca tətbiq açmadan da süni intellekt funksiyalarından yararlana bilirlər.

Bununla yanaşı, "OpenAI" biznes müştəriləri uğrunda mübarizədə də çətinliklərlə üzləşib. Məlumata görə, bu ilin may ayında "Anthropic" ilk dəfə korporativ müştərilərin sayına görə "OpenAI"ı geridə qoyub.

"Financial Times" nəşri yazır ki, "OpenAI" hazırda ChatGPT-nin istifadəyə verildiyi 2022-ci ildən bəri ən böyük yenilənməni hazırlayır. Şirkət platformanı təkcə çat-bot deyil, proqramlaşdırma, şəkil yaratma, süni intellekt agentləri və tərəfdaş xidmətlərini birləşdirən universal ekosistemə çevirməyi planlaşdırır.

"OpenAI" hesab edir ki, gələcəyin əsas texnologiyası suallara cavab verən çat-botlar deyil, istifadəçi əvəzinə müxtəlif tapşırıqları müstəqil yerinə yetirən süni intellekt agentləri olacaq.

Şirkətin yay aylarının sonuna qədər ChatGPT-də ilk böyük dəyişiklikləri təqdim edəcəyi gözlənilir. Analitiklərin fikrincə, "OpenAI"nin yaxın illərdə bazardakı liderliyini qoruyub-qoruya bilməyəcəyi məhz bu yenilənmələrin uğurundan asılı olacaq.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->