Xəbər lenti

Süni intellekt çatbotları anoreksiya və bulimiya xəstələri üçün çox təhlükəlidir (ARAŞDIRMA)
Sağlamlıq 17:40 12.11.2025

Süni intellekt çatbotları anoreksiya və bulimiya xəstələri üçün çox təhlükəlidir (ARAŞDIRMA)

Stenford Universiteti və Demokratiya və Texnologiyalar Mərkəzinin alimləri xəbərdarlıq ediblər ki, süni intellektlə işləyən çat-botlar qidalanma pozuntularına meylli insanlar üçün ciddi təhlükə yarada bilər.

Qaynarinfo-nun məlumatına görə, tədqiqatda qeyd olunur ki, ChatGPT, "Gemini", "Claude" və "Le Chat" kimi sistemlər bəzən şübhəli pəhriz məsləhətləri verir, qidalanma pozuntularının simptomlarını gizlətməyə kömək edir və "thinspiration” adlanan — ağrılı dərəcədə arıq qadınların təsvir edildiyi, arıqlamağa "ilham” verən məzmunlar yaradır.

Alimlər müəyyən ediblər ki, bəzi çat-botlar istifadəçilərə çəki itkisini makiyaj vasitəsilə necə gizlətməyi və ya sanki yemək yemiş kimi davranmağı məsləhət görür, bəzən isə daha təhlükəli hallarda müntəzəm qusma hallarını ört-basdır etməyi öyrədir.

Digər süni intellekt alətləri isə qeyri-realist bədən standartlarını təşviq edən vizual materiallar yaradır. Bu məzmun fərdi istifadəçiyə uyğunlaşdırıldığı üçün daha şəxsi və əlçatan görünür, bu da onun təsir gücünü artıraraq təhlükəni dərinləşdirir.

Tədqiqatçılar "sycophancy” - yəni süni intellektin istifadəçi ilə razılaşmaq meyli fenomeninə də diqqət çəkiblər. Bu hal, alimlərin sözlərinə görə, insanlarda özünəinamı azaldır və dağıdıcı düşüncələri möhkəmləndirir.

Modellərin həmçinin gender və irqi stereotipləri təkrarladığı vurğulanır. Bu, qidalanma pozuntularını yalnız arıq ağdərili qadınlara xas bir problem kimi göstərir və digər qrupların da bu xəstəlikləri dərk edib kömək axtarmağına mane olur.

Alimlər hesab edirlər ki, süni intellekt platformalarına daxil edilmiş qoruyucu filtrlər kifayət etmir — onlar anoreksiya, bulimiya və ya həddən artıq yemək kimi halların incə, lakin vacib əlamətlərini tanıya bilmir.

Mütəxəssislər həkimləri və psixoloqları populyar süni intellekt xidmətlərini araşdırmağa, onların zəif cəhətlərini test etməyə və pasiyentlərlə bu alətlərdən necə istifadə etdikləri barədə açıq danışmağa çağırırlar. Onların fikrincə, bir çox tibb işçiləri generativ süni intellektin bu tip pozuntular üzərindəki təsirinin miqyasını hələ də tam dərk etmirlər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->