Xəbər lenti

Dünya 17:10 17.01.2026

"Suriya üzrə yeni siyasi düzən formalaşır" - Ekspert

"Cərəyan edən proseslər göstərir ki, Suriyada yeni siyasi arxitektura regional və qlobal güclərin maraqları nəzərə alınmaqla formalaşdırılır".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Suriya ətrafında son günlər baş verən prosesləri şərh edərkən deyib. 

Ekspertin fikrincə, Suriyada kürd faktoru mərhələli şəkildə arxa plana keçirilir: 

"Suriya məsələsi ilə bağlı bundan əvvəl verdiyim müsahibələrdə də qeyd etmişdim ki, ABŞ və regionun digər əsas oyunçuları yeni Suriya hakimiyyəti ilə müəyyən razılaşmaya gələrlərsə, bu halda kürd faktorunun mərhələli şəkildə arxa plana çəkilməsi mümkündür. Hazırda baş verən proseslər də məhz bu istiqamətdə inkişaf edir".



Həmsöhbətimiz bildirib ki, Suriyada sabitliyin təmin olunması üçün kürdlər siyasi sistem daxilində "paydar", yəni sistemə inteqrasiya olunmuş və bölüşdürülmüş aktora çevrilməlidir:

"Bu yanaşma təkcə Suriyanın deyil, həm də Qərbin, xüsusilə ABŞ-ın regionla bağlı ümumi baxışını əks etdirir. Son dövrdə baş verən hadisələr bu tezisi daha da gücləndirir. Əl-Şaraanın Novruz bayramını rəsmi bayram elan etməsi, eyni zamanda kürd dili ilə bağlı həyata keçirilən islahatlar onu göstərir ki, kürdlər artıq tədricən yeni siyasi sistemə inteqrasiya olunurlar. Bu addımlar həm simvolik, həm də institusional xarakter daşıyır və yeni hakimiyyətin etnik-mədəni müxtəlifliyi siyasi çərçivəyə salmaq niyyətindən xəbər verir. Bunun arxasında dayanan əsas amillərdən biri isə Qərbin bölgədə qəbul etmək istəmədiyi, daha çox dini əsaslı və radikal xarakterli qrupların tədricən neytrallaşdırılması və ləğv edilməsi prosesidir. Yeni hakimiyyət və sistemə inteqrasiya olunmuş digər qüvvələr bu məqsədlə bir araya gətirilir və vahid siyasi mexanizm formalaşdırılır".

Konfliktoloq qeyd edib ki, İsrail-Suriya münasibətlərinin tənzimlənməsi və tərəflər arasında müəyyən qarşılıqlı razılaşmaların əldə olunması da bu ümumi strateji çərçivənin tərkib hissəsi kimi qiymətləndirilməlidir. 

Qeyd edək ki, son günlər Suriya ətrafında bir sıra mühüm proseslər baş verir. ABŞ hərbçiləri PKK/SDQ təmsilçiləri ilə görüşərək onların Deyr Hafir–Meskene xəttindən dinc yollarla çəkilməsini istəyiblər. Lakin SDQ rəhbərliyi bu tələbi rədd edib. Bundan sonra isə Dəməşq hərbi əməliyyata başlayıb. Nəticədə Deyr Hafir–Meskene xəttinin azad edilməsi ilə Fərat çayının qərb sahili tamamilə Suriya hökumət qüvvələrinin nəzarətinə keçib. 

ABŞ isə Dəməşqi kürdlərin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələrinə (SDF) qarşı hərbi əməliyyatları genişləndirəcəyi təqdirdə Suriya əleyhinə məhdudiyyətlərin yenidən tətbiq ediləcəyi ilə hədələyib. 

Rüfət Sultan
--> -->