Dunay çayında suyun səviyyəsinin kəskin azalması səbəbindən çayın cənub hissəsində gəmiçiliyə məhdudiyyətlər tətbiq edilib. Mütəxəssislər bildirirlər ki, əsas narahatlıq mövcud vəziyyət deyil, aşağı su səviyyəsinin getdikcə daha tez-tez və uzunmüddətli xarakter almasıdır.
Qaynarinfo xəbər verir ki, "Euronews”un məlumatına görə, Dunayın aşağı axınında suyun səviyyəsi tarixi minimum həddə enib. Nəticədə Macarıstanın Mohaç şəhəri yaxınlığında II Dünya müharibəsi dövrünə aid batmış gəminin qalıqları su üzünə çıxıb.
Ən ağır vəziyyət Baya şəhərində qeydə alınıb
Ən çətin vəziyyət Macarıstanın Baya şəhərində müşahidə olunur. Burada Suqovitsa çay qolunun bəzi hissələri demək olar ki, tamamilə quruyub və su hövzəsində yaşayan canlıların böyük hissəsi məhv olub.
Məlumata görə, ən kritik gündə suyun dərinliyi cəmi 14 santimetr olub. Bu isə əvvəlki mənfi rekorddan iki dəfə aşağı göstəricidir.
"Tendensiya daha çox narahat edir"
Yerli Su Təsərrüfatı İdarəsinin daşqınlardan mühafizə və çayların idarə olunması şöbəsinin rəhbəri Çaba Aboni bildirib ki, əsas problem hazırkı vəziyyət deyil, uzunmüddətli tendensiyadır.
Onun sözlərinə görə, son 125 ildə Dunayda suyun səviyyəsi 100 santimetrdən aşağı ümumilikdə 21 dəfə düşüb. "Bu halların 14-ü son 25 il ərzində qeydə alınıb”, deyə o vurğulayıb.
Aboni qeyd edib ki, alimlərin uzun illərdir səsləndirdiyi proqnozlar öz təsdiqini tapır və gələcəkdə Dunayda aşağı su səviyyəsinin daha tez-tez və daha uzun müddət davam edəcəyi gözlənilir.
Qlobal istiləşmə əsas səbəblərdən biridir
Mütəxəssislər bildirirlər ki, əvvəllər yağıntının az olduğu dövrlərdə Alp dağlarında qarın əriməsi Dunaydakı su çatışmazlığını müəyyən qədər kompensasiya edirdi.
Lakin qlobal istiləşmə nəticəsində Alp buzlaqlarının sürətlə kiçilməsi bu ehtiyatları əhəmiyyətli dərəcədə azaldıb.
Ekspertlərin sözlərinə görə, çaylarda su səviyyəsini süni şəkildə artırmaq mümkün deyil və vəziyyət əsasən təbii yağıntılardan asılı olaraq qalır.
"Çaylarda su çatışmazlığını göllərdə olduğu kimi kanal açaraq aradan qaldırmaq mümkün deyil. Daha çox suyun gəlməsini və iqlim dəyişikliyinin təsirinin zəifləməsini gözləməkdən başqa yol yoxdur. İnsanlar bu baxımdan tamamilə təbiətdən asılıdırlar”, materialda qeyd olunur.
Aydın
Şərhlər