Taliban hökuməti qadınların kitablarını Əfqanıstan universitetlərinin tədris planından çıxarıb və insan hüquqları və cinsi qısnama ilə bağlı olanlar da daxil olmaqla 18 fənnin tədrisini qadağan edib.
Qaynarinfo xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Şəriət və Taliban əleyhinə siyasətlə bağlı" hesab edilən 680 kitabdan təxminən 140-ı qadınlar tərəfindən yazılıb. Müsadirə edilən materiallara hətta kimya laboratoriyalarında təhlükəsizliklə bağlı dərsliklər də daxildir.
Talibanın rəsmi mövqeyi ondan ibarətdir ki, bütün qərarlar İslam qanunlarına və əfqan mədəniyyətinə uyğun verilir. Hökumət rəsmilərinin sözlərinə görə, qərarları "din alimlərindən və ekspertlərdən” ibarət komissiya qəbul edir.
Kitabları qadağan edilənlər arasında olan Əfqanıstan ədliyyə nazirinin keçmiş müavini Zakia Adeley Talibanın qərarını proqnozlaşdırıla bilən adlandırıb.
"Qadınlar təhsil almaq hüququndan məhrum edildikdə, onların fikirlərinin və əsərlərinin də qadağan edilməsi məntiqlidir. Bu, Talibanın son illərdə ardıcıl olaraq həyata keçirdiyi mizoginist siyasətin davamıdır", deyə o bildirib.
Avqustun 10-da məlumat yayılmışdı ki, Taliban Kabildə kütləvi şəkildə qadınlar üçün gözəllik salonlarını bağlayır. Analitiklər hesab edirlər ki, bu hərəkətlər qadınların ictimai və iqtisadi həyatdan tədricən kənarlaşdırılması siyasətinin tərkib hissəsidir. "Tolo News"a görə, Talibanın yaratmaq istədiyi dövlət qadınların iştirakına heç bir yer qoymur.
Aydın
Şərhlər