Xəbər lenti

Foto 19:12 21.07.2026

"Tarakan partiyası" hərəkatı Hindistanı silkələyir (FOTO)

Hindistanda uzunmüddətli işsizlik və qəbul imtahanı qalmaqalına etiraz olaraq sosial şəbəkələrdə zarafatla başlayan "Tarakan partiyası" ("Cockroach Janta Party" – CJP) hərəkatı qısa müddətdə ölkə üzrə kütləvi etiraz dalğasına çevrilib.

Qaynarinfo xəbər verir ki, "Tarakan partiyası" ABŞ universitetlərindən birini yeni bitirmiş, 30 yaşlı Hindistan vətəndaşı Abhicit Dipke tərəfindən yaradılıb.

Hərəkatın yaranmasına Hindistan Ali Məhkəməsinin sədrinin may ayında məhkəmə iclası zamanı işsiz gəncləri "parazitlər" və "tarakanlar" adlandırması səbəb olub. Bundan sonra Dipke sosial şəbəkələrdə "Bəs bütün tarakanlar bir araya gəlsə necə olar?" çağırışını edib.

Paylaşımın böyük maraq doğurmasının ardından o, internet saytı və sosial media hesabları yaradaraq hökuməti tənqid edən manifest dərc edib. Hərəkatın əsas şüarı "Sistemin saymağı unutduğu insanlar üçün siyasi partiya" olub.

CJP cəmi iki həftə ərzində "Instagram" platformasında 22 milyondan çox izləyici toplayaraq hakim partiyanı geridə qoyub. Məlumata görə, hökumət hesabların "milli təhlükəsizlik" səbəbi ilə bloklanmasına cəhd göstərsə də, bu təşəbbüs uğursuz olub. Hazırda hərəkatın "Instagram" səhifəsinin 24 milyondan çox izləyicisi var.

Qısa müddətdə geniş dəstək qazanan CJP fəaliyyətini tibb fakültələrinə qəbul üçün keçirilən "NEET" imtahanı ətrafında yaranmış qalmaqala yönəldib. Mayın 3-də 2,28 milyon nəfərin iştirak etdiyi imtahan sualların əvvəlcədən sızdırıldığı məlum olduqdan sonra ləğv edilib və bir neçə həftə sonra yenidən keçirilib.

Hindistanda 130 min yer uğrunda 2 milyondan çox abituriyent mübarizə aparır. Ailələr övladlarını imtahana hazırlamaq üçün böyük vəsait xərcləyir və çox vaxt borclanırlar. Bildirilir ki, ölkədə repetitor hazırlığına ayrılan ümumi vəsait dövlətin ali təhsil büdcəsini üstələyir.

Məlumata görə, Hindistanda 25 yaşadək ali təhsilli gənclərin təxminən 40 faizi işsizdir. Bu amil də etirazların genişlənməsində mühüm rol oynayıb. Parlamentin yay sessiyasının başlanması ilə əlaqədar səhiyyə naziri C.P. Nadda CJP nümayəndələri ilə təxminən 10 dəqiqəlik görüş keçirib.

Nazir görüşün səmimi şəraitdə keçdiyini bildirərək etirazların dayandırılmasını istəyib. Hərəkatın sözçüsü Saurav Das isə hökumətin məsələni araşdıracağına söz verdiyini, lakin konkret öhdəlik götürmədiyini açıqlayıb.

Paytaxt Dehlidə etiraz aksiyaları davam edir. Parlament binasına yürüş etmək istəyən on minlərlə nümayişçiyə polis müdaxilə edib. Şəhər mərkəzində baş verən toqquşmalar zamanı azı 60 etirazçının yaralandığı bildirilir. Dehli polisi isə 118 polis əməkdaşının xəsarət aldığını və 70 nəfərin saxlanıldığını açıqlayıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->