Dünyanın ən çox əhalisi olan ölkəsi Hindistanda demoqrafik baxımdan mühüm bir ilk qeydə alınıb. Rəsmi qurumların açıqladığı Son Nümunə Qeydiyyat Sistemi (SRS) hesabatına əsasən, ölkədə qadın başına düşən uşaq sayı 1,9-a qədər azalıb.
Qaynarinfo xəbər verir ki, rəsmi göstəricilər Hindistanda doğum səviyyəsinin tarixdə ilk dəfə "yenilənmə həddi” kimi tanınan 2,1 səviyyəsindən aşağı düşdüyünü göstərir.
Bu hədd əhalinin uzunmüddətli perspektivdə azalmadan sabit qalması üçün zəruri sayılır. 2000-ci illərin əvvəlində bu göstəricinin 3,3 olduğu nəzərə alındıqda, azalma sürətinin çox kəskin olduğu qeyd edilir.
"Al Jazeera”nin məlumatına görə, bu sürətli enişin arxasında Hindistanda baş verən sosial və iqtisadi transformasiya dayanır. Qadınların təhsil səviyyəsinin yüksəlməsi və doğuşa nəzarət vasitələrinə çıxışın artması ailə planlamasına birbaşa təsir göstərib. Eyni zamanda həyat xərclərinin artması və uşaq böyütməyin bahalaşması ailələri daha kiçik ailə modelinə yönəldib.
Səhiyyə sahəsində irəliləyişlər də beş il ərzində körpə ölüm göstəricilərinin 1000 canlı doğuşda 30-dan 24-ə enməsinə səbəb olub. Bu da ailələrdə "uşaq itkisi riski” qorxusunun azalmasına və çoxuşaqlı ailə modelinin zəifləməsinə gətirib çıxarıb.
Doğum göstəricilərindəki azalma Hindistan daxilində regionlar üzrə kəskin fərqlər yaradıb. Təhsil və rifah səviyyəsinin aşağı olduğu Bihar ştatında doğum göstəricisi 2,9-a çatıb, Uttar Pradeş isə 2,6 ilə onu izləyir.
Bunun əksinə olaraq, cənub ştatları olan Kerala və Tamil Naduda göstərici 1,3-ə qədər enib. Paytaxt Yeni Dehlidə isə bu rəqəm 1,2-yə düşüb.
Cənub regionlarının daha inkişaf etmiş səhiyyə, təhsil və qadın hüquqları göstəricilərinə sahib olması doğumun azalmasında əsas amil kimi göstərilir. Lakin bu ştatlar əhali azalmasına görə federal büdcədən daha az pay almaq təhlükəsi ilə üzləşdiklərini bildirir və bu vəziyyət ölkədə siyasi gərginliyi artırır.
Hindistan 2005-ci ildən bəri "demoqrafik fürsət pəncərəsi” adlanan mərhələdə idi. Bu dövrdə əmək qabiliyyətli əhali uşaqlar və yaşlılardan çox olur və iqtisadi inkişaf üçün əlverişli şərait yaranır.
Oxşar prosesi vaxtilə Yaponiya və Çin iqtisadi yüksəliş üçün istifadə etmişdi. Hindistan üçün bu imkanın 2055-ci ilə qədər davam edəcəyi gözlənilirdi, lakin doğum səviyyəsindəki kəskin azalma bu proqnozları sual altına alıb.
Mütəxəssislər bildirirlər ki, Hindistan tam inkişaf etmiş iqtisadiyyat səviyyəsinə çatmadan sürətlə yaşlanan əhali ilə qarşılaşa və ciddi əmək bazarı böhranı yaşaya bilər.
Demoqrafik dəyişikliklər ölkədə etnik və dini balansla bağlı müzakirələri də gücləndirib. Hakim millətçi çevrələrin "müsəlmanlar daha çox uşaq sahibi olur” iddiasının əksinə olaraq, rəsmi məlumatlar bütün dini qruplarda doğum səviyyəsinin azaldığını göstərir.
Məlumatlara görə, müsəlman icması arasında doğum göstəricisi son 30 ildə 4,41-dən 2,36-ya enərək ən sürətli azalma tempini nümayiş etdirib.
Gələcəkdə parlamentdəki yer bölgüsünü itirməkdən narahat olan Andhra Pradeş kimi bəzi ştatlar isə artıq üçüncü və dördüncü uşaq üçün pul yardımı və pulsuz süni mayalanma kimi stimullaşdırıcı proqramlar tətbiq etməyə başlayıb.
Nəticə etibarilə, ekspertlər Hindistanın demoqrafik modelində baş verən bu dəyişikliklərin ölkənin iqtisadi və siyasi gələcəyinə uzunmüddətli təsir göstərə biləcəyini bildirirlər.
Aydın
Şərhlər